Vaqif Cavadov: Rusiyadan xal almağa layiqik
12.02.2009 - 15:18
Vaqif Cavadov: Rusiyadan xal almağa layiqik
“Küveytlə qarşılaşmada qol vurduğuma çox sevinirəm. Lakin təəssüflər olsun ki, əla şansımız olsa da, qələbə qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.

Yığmamızın Küveytlə yoxlama oyununun ilk dəqiqəsində hesabı açan 19 yaşlı hücumçu milli komandada özünün ikinci, yığmanın tarixində isə 100-cü qolu vurub. Ağdamın “Qarabağ” komandasında çıxış edən Vaqif klubun rəsmi internet saytına açıqlamasında daha vacib görüşlərdə də fərqlənmək arzusunda olduğunu bildirib: “Vurduğum qol qələbə gətirsəydi, əla olardı. İnşallah, Rusiyaya da qol vurmağa çalışacağam. Hər halda, azdan-çoxdan Rusiya futboluna bələdəm. Amma yenə də qeyd edirəm, Rusiyadan xal alsaq, bu bütün komandanın əməyi olacaq. Fikrimcə, bizim komanda buna layiqdir. Oyunun müəyyən anları göstərdi ki, bunu bacara bilərik”.

Qeyd edək ki, Cavadovun yığmada vurduğu ilk qol komandamıza minimal hesablı qələbə gətirmişdi. O, 2007-ci il martın 11-də keçirilən Azərbaycan – Qırğızıstan görüşündə yeganə topun müəllifi olmuşdu.
0