Andrey Rubin: Azərbaycan yığması Ermənistandan güclüdür
12.02.2009 - 15:57
Andrey Rubin: Azərbaycan yığması Ermənistandan güclüdür
“Hesab edirəm ki, Azərbaycan yığması Ermənistandan güclüdür. Ermənilərlə dünənki oyunumuzdan sonra belə qənaətə gəldim”. Bunu apasport.az saytına açıqlamasında Latviya milli komandasının yarımmüdafiəçisi Andrey Rubin deyib.

Ermənistanla Cənubi Kiprdə keçirilən görüşdə əsas heyətdə meydana daxil olan Rubin 79-cu dəqiqədə əvəzlənib. Bakının “İnter” klubunun şərəfini qoruyan latviyalı komanda yoldaşları ilə birgə çox çalışsa da, ermənilər üzərində qələbə qazana bilməyib: “Qolsuz bərabərliklə başa çatan bu oyunda qalib gələ bilərdik. Ancaq əfsuslar olsun ki, qol imkanlarından istifadə edə bilmədik. Vaxtilə milli komandanıza qarşı bir neçə dəfə oynamışam. Azərbaycanı Ermənistandan üstün sayıram. Hər halda, oyuna görə məndə belə təəssürat oyandı”.

Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasından xəbərdar olan Rubin bildirib ki, ölkəmizdə çıxış etdiyi üçün matç zamanı hansısa problem yaşamayıb: “Hər şey qaydasında oldu. Ermənilər Azərbaycanda oynadığımıza görə matç ərzində ayaqlarıma zərbə vurmurdular. Rəqib futbolçular məndən ölkəniz haqda da bir şey soruşmadılar”.

“İnter”in heyətində Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yarımfinalında Qazaxıstanın “Aktobe” klubu ilə yarımfinal oyununda zədələnən Andrey 19 gündən sonra meydana çıxıb. O, Antalyada ikinci hazırlıq prosesində zədəsini sağalda bilib: “Artıq zədə ilə bağlı problemim qalmayıb. Yaxşı oldu ki, yığmanın heyətində oynadım. Zədədən sonra ayaqlarım bərkidi. Xeyli vaxtdır çıxış etmirdim, ikinci dövrənin startı ərəfəsində oyun praktikası lazım idi. Hazırda hava limanındayam və Moskvaya yollanırıq və ordan Bakıya gələcəyəm. Bazar günü oyunumuz var və həmin matça qədər imkan daxilində özümü çatdırmalıyam. Sabahdan “İnter”in hazırlığına qatılacağam və ilk turda komandama kömək istəyirəm”.

Qeyd edək ki, “İnter” ikinci dövrənin ilk turu çərçivəsində fevralın 15-də “Şəfa” stadionunda “Olimpik”i qəbul edəcək. Cari mövsümdən ölkəmizdə çıxış edən Rubinin hesabında 4 qol var.
0