Qus Hiddink: Rusiya yığması ədabazlıq edirdi
12.02.2009 - 16:03
Qus Hiddink: Rusiya yığması ədabazlıq edirdi
Rusiya millisinin baş məşqçisi Qus Hiddink azərbaycanlı futbolçuların rəqibini tərifləyib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində 21 yaşlılardan ibarət yığmamızla (U-21) qarşılaşacaq belaruslu futbolçular “Çelsi”nin yeni baş məşqçisində xoş təsir oyadıb. İki postda çalışan holland mütəxəssis Belarus və Rusiyanın gənclərdən ibarət komandalarının görüşünü izləyib: “Belaruslu uşaqların fiziki cəhətdən bizimkilərdən üstün olduğu aydın görünürdü. Daha çox işləməyi sevən komanda təsiri bağışlayırdı. Çətin ki, belaruslular məndə xoş təəssürat oyatmaq üçün belə oynayırdı. Onların oyununda ehtiras, işə münasibət yaşlarına uyğun tərzdən yüksək idi”.

Bir rəqibimizi çalışdırıb digərini tərifləyən Hiddink Rusiya yığmasını ciddi tənqid edib: “Rusiya yığması isə bütün matç boyu meydanda ədəbazlıq edir, özünü uşaq kimi aparırdı. Onlar bir şeyi başa düşməlidirlər: heç də həmişə gözəl oynamağı fikirləşmək lazım deyil. Hərdənbir meydanda ölməyi də bacarmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycanın 21 yaşlılardan ibarət milli komandası Belarusla bu il sentyabrın 9-da evdə, gələn il sentyabrın 7-də səfərdə görüşəcək.
0