Çeçenistanın idman naziri: Şahin Diniyev güclü məşqçidir
12.02.2009 - 16:59
Çeçenistanın idman naziri: Şahin Diniyev güclü məşqçidir
“Biz gənclərdən ibarət komandamızda baş verənləri izləyirik. Onların məşq prosesi əsas komandamızın çalışdırıcısı Vyaçeslav Qroznı ilə razılaşdırılır. Qeyd etməliyik ki, indi gənclərimizlə çox təcrübəli və güclü məşqçi Şahin Diniyev işləyir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Terek” klubunun vitse-prezidenti Haydar Alxanov deyib.

Onun sözlərinə görə, bu ilin yanvarında gənclərdən ibarət komandalarının baş məşqçisi olan Şahin Diniyev üzərinə düşən vəzifənin öhdəsindən gəlir: “Diniyev təkcə Azərbaycan çempionatında çıxış edən klubları yox, həm də bu ölkənin bütün yaş qruplarından ibarət komandalarına rəhbərlik edib. Əvəzedici komandanın məşqçilər korpusunda yer alan çalışdırıcıların, futbolçuların hamısının fikirlərinə əsasən, iş çox peşəkar şəkildə qurulub. Həm də əsas və gənclərdən ibarət komandamız mövsüm öncəsi təlim-məşq prosesini Türkiyədə keçirəcək. Fevralın 16-da səfərə çıxacaq komandalarımız 20 gün orada hazırlaşacaq. Məşqlər ayrı-ayrı meydançalarda keçirilsə də, biz gənclərdən ibarət komandamızın bütün hazırlıq prosesini izləyib, nəzarət altında saxlayacağıq”.

Diniyevin çalışdırdığı komandadan çox şey gözləyən Alxanov klubun, həm də Çeçenistan prezidenti Ramzan Kadırovun qarşıya qoyduğu vəzifəyə də toxunub: “Prezident həm şəxsən mənim, həm də bütün məşqçilər korpusunun qarşısına belə vəzifə qoyub ki, Çeçen futbolunun gənc yetirmələri çox tezliklə əsas komandamızda yer alsınlar. Qroznı hansı futbolçumuza maraq göstərsə, o, əsas komandaya keçiriləcək”.

Qeyd edək ki, Diniyevi “Terek”ə dəvət edən Alxanov eyni zamanda Çeçenistanın bədən tərbiyəsi, idman və turizm naziridir. O, 90-cı illərin əvvəlində Diniyev “Terek”də oynadığı zamanı komandanın baş məşqçisi olub.
0