Ponomaryov - Hüseynov qarşıdurmasında yenə qalmaqal olacaq?
12.02.2009 - 17:35
Ponomaryov - Hüseynov qarşıdurmasında yenə qalmaqal olacaq?
Olimpiya çempionu olan yeganə Azərbaycan futbolçusu İqor Ponomaryov 45 aydan sonra komandasını Premyer Liqa çərçivəsində meydana çıxaracaq. Apasport.az saytının məlumatına görə, 2004/05 mövsümündə “Qarabağ”ı çalışdıran 49 yaşlı mütəxəssis bu dəfə “Xəzər-Lənkəran”da debüt edəcək. Azərbaycan klublarının sükanı arxasında baş məşqçi kimi yubiley - 40-cı matçına çıxacaq Ponomaryov yeni komandasında ilk görüşünü vaxtilə birgə oynadığı Yunis Hüseynovun çalışdırdığı “Karvan”a qarşı keçirəcək. Bu, ötən əsrin 80-ci illərində “Neftçi”də çıxış edən futbolçuların baş məşqçi kimi, üçüncü “duel”i olacaq.

Maraqlıdır ki, Ponomaryovla Hüseynovun indiyə qədər baş tutan hər iki qarşılaşması qonaqların qələbəsi ilə başa çatıb. Bu da “Karvan”ın xeyrinə olan məqamdır. Lakin onların rəqib qismində görüşməsi, hakimlər üçün yaxşı xatirələrlə yadda qalmayıb. Çünki hər iki halda, matç qalmaqala səbəb olub.

2004-cü il sentyabrın 11-də Bakıda keçirilən oyunun hakimi iki xoşagəlməz hadisə ilə üzləşdi. Əvvəlcə meydana qəflətən azarkeş daxil oldu. Çağırılmamış qonağı nokdauna salan baş hakim Fariz Yusifov ardından meydan sahiblərinin təzyiqinə tuş gəldi. Belə ki, Hüseynovun komandasına qələbə gətirən qol Ponomaryovun yetirmələrini narazı salmışdı. Zaur Ramazanovun vurduğu topu qapı xəttindən çıxaran Azər Cabbarovun bu xəttin hansı tərəfində olduğu uzun müddət müzakirə və mübahisələrə səbəb oldu. 5 il əvvəl olduğu kimi, yenə “Karvan”da olan Hüseynovdan fərqli, Ponomaryov komandasını dəyişib.

2005-ci il fevralın 27-də Yevlaxda baş tutan matçda isə Ramazanovun qolu yox, özü qalmaqal saldı. Ağdamlılar 23-cü dəqiqədə Vasilyevin vurduğu yeganə topla qalib gəldi. Zaur isə 31-ci dəqiqədə penaltini vura bilməyib acığını yan xətt hakimi Aydın Ələkbərovdan çıxdı. Ona kəllə atan hücumçu baş hakim Zöhrab Qədiyev tərəfindən qırmızı vərəqəyə layiq görüldü. Nizam-İntizam Komitəsi isə “Karvan”ı mövsümün sonunadək Zaursuz qoymağa qərar verdi. Hüseynov ona əvəzləyici kimi Yakuba Bambanı tapsa da, bağışlanan Ramazanov da mövsümün sonlarında heyətə qayıtdı. Qələbəyə baxmayaraq, bu oyunda Ponomaryovun da əhvalını korlayan tapıldı. 85-ci dəqiqədə Ruslan Musayev penaltini qola çevirə bilmədi. Matç bitən kimi isə Ponomaryovla Hüseynovun rəhbərlik etdiyi komandalar bir-birləri və hakimlərlə münasibətlərini ayırd etməyə başladı.

Qeyd edək ki, indiyədək komandaları qalmaqalla ayrılan mütəxəssislərin üçüncü – fevralın 15-də baş tutacaq qarşılaşmasını Vüsal Əliyev idarə edəcək.
0