Hans-Yurgen Gede: Rəşad Sadıqov haqda eşitmək istəmirəm MÜSAHİBƏ
12.02.2009 - 22:28
Hans-Yurgen Gede: Rəşad Sadıqov haqda eşitmək istəmirəm  MÜSAHİBƏ
“Neftçi” klubunun almaniyalı baş məşqçisi Hans-Yurgen Gedenin lent.az saytına müsahibəsi

- Komandanız ikinci dövrəyə hazırdırmı?
- Hazırlıq səviyyəmizdən razıyam. Yaxşı oldu ki, Türkiyənin Antalya şəhərində keçirdiyimiz birinci təlim-məşq toplantısının müddətini bir həftə də uzatdıq. Heyətimizə 6 yeni oyunçu cəlb etmişik. Onların komandaya mümkün qədər tez uyğunlaşmasına çalışmalıyıq. Ümidvaram ki, artıq bir komanda kimi formalaşmışıq.

- İlk dövrəni 13 oyundan 13 xalla 9-cu pillədə başa vurdunuz. İkinci dövrədə bundan yaxşı çıxış etmək imkanlarınız varmı?
- Əslində, ilk dövrədə yaxşı çıxış etmişik. Amma ən önəmlisi nəticədir. Biz ikinci dövrədə daha yaxşı oyun sərgiləməyə çalışacağıq.

- Bu mövsüm əsas məqsədiniz nədən ibarət olacaq?
- Mümkün qədər çox xal toplamağa çalışacağıq. Bununla yanaşı, ölkə kuboku uğrunda mübarizə aparacağıq.

- Klub prezidenti Əkbər Hacıyevlə sonuncu dəfə nə vaxt görüşmüsünüz?
- Onunla tez-tez görüşürük. Axırıncı görüşümüz fevralın 12-də olub. Komandamız, gələcək planlar, futbolçuların mövcud vəziyyəti, hazırlıq səviyyələri barədə danışmışıq. Təəssüf ki, prezidentimiz səhhətindəki problem üzündən Antalyadakı toplanışımıza gələ bilmədi.

- O, apardığınız islahatları dəstəkləyirmi?
- Əlbəttə. Yenə deyirəm, biz Əkbər Hacıyevlə tez-tez görüşürük, söhbətlərimiz olur. Qarşılıqlı fikir mübadiləsi aparırıq. Onun niyyəti budur ki, “Neftçi” yaxşı komanda olsun.

- Yeni transferlər haqda nə deyə bilərsiniz?
- Heyətimizi polşalı qapıçı Tomaş Bobel, avstraliyalı və irlandiyalı müdafiəçilər Con Tamburasla Co Kendrik, rumıniyalı yarımmüdafiəçi və hücumçu Marian Aliuta ilə Adrian Neaqa, eləcə də kamerunlu forvard Valentin Atemlə gücləndirmişik. Onlarla müqavilə bağlamamışdan əvvəl hər biri haqda ətraflı informasiya əldə etmişdik. Hər bir futbolçunun oyun səviyyəsi bizi qane edir.

- Onların vidalaşdığınız futbolçuları əvəzləməyə qadirdirlər?
- Yeni transferlərimizin yaxşı oyunçulardan ibarət olduqlarına inanıram. Fikrimcə, onların hamısı gedənləri əvəzləməyə qadirdirlər.

- Klubdan kənarlaşdırdığınız Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” komandasında çıxış edir...
- O insan haqqında heç bir sual eşitmək istəmirəm. Məni hazırda öz oyunçularım maraqlandırır. Kim harada çıxış edirsə, öz işidir.

- İkinci dövrədəki ilk oyununuz fevralın 14-də “Standard”a qarşı olacaq. Bu matç öncəsi heyətdə hər hansı probleminiz var?
- Bir qədər yorğunluq müşahidə olunur. Bu da dövrələrarası gərgin hazırlıqdan sonra normal hadisədir. Amma hələ qarşıda hazırlıq üçün iki gün də vaxtımız var. Qalan müddətdə bütün çatışmazlıqları aradan qaldıraraq, tam hazır formaya düşəcəyimizə inanıram.

0