Rəşad Sadıqov: “Kayserispor”la görüşdə əvvəlki məğlubiyyətlərin əvəzini verməliyik
13.02.2009 - 10:53
Rəşad Sadıqov: “Kayserispor”la görüşdə əvvəlki məğlubiyyətlərin əvəzini verməliyik
“Kocaelispor” güclü heyətə malik komandadır. Fikrimcə, Superliqada tutduğumuz yerə layiq deyilik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Azərbaycan yığmasının kapitanı olan 27 yaşlı müdafiəçinin komandası həftəsonu Türkiyə çempionatında keçiriləcək XX turda bir vaxtlar şərəfini qoruduğu “Kayserispor”la qarşılaşacaq. Bu məqam türk həmkarlarımızın da diqqətindən yayınmayıb və onlar Rəşadın fikirlərini öyrənməyi lazım bilib: “Gənclərbirliyi” və “Sivasspor”la görüşlərdə bizə vacib olan xalları itirdik. Bunun əvəzini yalnız “Kayserispor”u məğlub etməklə verə bilərik. Yoldaşlarım və mən qələbə qazanacağımıza inanırıq”.

Qeyd edək ki, 19 oyundan sonra cəmi 12 xalı olan “Kocaelispor” 18 komanda arasında 17-ci yerdə qərarlaşıb. Fevralın 15-də keçiriləcək “Kocaelispor” – “Kayserispor” görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
0