Futbolçu 20 yaşlı qızı zorlayıb, sonra burnunu sındırdı
13.02.2009 - 11:13
Futbolçu 20 yaşlı qızı zorlayıb, sonra burnunu sındırdı
“Middlsbro”nun futbolçusu Marlon Kinq müttəhimlər kürsüsündə oturacaq. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yamaykalı özündən 8 yaş kiçik xanımı zorlamaqda və döyməkdə ittiham olunur.

Bu qalmaqallı hadisə ötən il dekabrın 7-də baş verib. Marlon Londonun Breuer küçəsində “Soho Revyu” barında 20 yaşlı qızla tanış olub. Əvvəlcə xanımı zorlayan Kinq daha sonra onu döyüb. Nəticədə qızın burnu sınıb və dodağı çatlayıb.

Polisə şikayət edildikdən sonra “Middlsbro”nun futbolçusu həbs olunub. O, yalnız bir neçə gündən sonra zaminə buraxılıb. Ancaq Kinqin canını qurtardığını söyləmək olmaz. Çünki onun məhkəməsi hələ qarşıdadır. Fevralın 25-də keçiriləcək məhkəmədə təcrübəli hücumçunun hətta “dəmir barmaqlıqlar” arxasında yatması barədə qərarın çıxarılacağı da gözlənilir.

Marlonun törətdiyi qalmaqalın ardından Londonun məşhur barlarından sayılan və 51 ildir fəaliyyət göstərən “Soho Revyu” bağlanılıb.

Qeyd edək ki, Yamayka milli komandasının da şərəfini qoruyan Kinq peşəkar karyerasında 100-dən çox qol vurub. O, İngiltərənin “Nottingem Forest”, “Lids”, “Uotford”, “Uiqan”, “Hull Siti” klublarının da formasını geyinib.
0