Klublar milli komandalara qarşı çıxır
13.02.2009 - 11:44
Klublar milli komandalara qarşı çıxır
İsveçrənin Cenevrə şəhərində Avropa Klublar Assosiasiyasının (AKA) Baş Assambleyası keçirilib. Apasport.az saytının məlumatına görə, 53 ölkədən 103 aparıcı klubun üzv olduğu qurumun tədbirində bir çox məsələlərə toxunulub.

“Bakı” klubunun da təmsil olunduğu AKA-nın yığıncağında qaldırılan mövzuların bəziləri UEFA-nın bu ilin martında keçiriləcək konfransında qaldırılacaq. Elə UEFA prezidenti Mişel Platini də Assambleyanın qonağı olaraq, klub nümayəndələri ilə görüş keçirib.
İlk növbədə milli komandalara göndərilən oyunçular üçün klublara kompensasiyanın ödənməsi məsələsi qabardılıb. Kompensasiyaların məbləği isə yığmanın səviyyəsinə uyğun şəkildə müəyyənləşdiriləcək.

Klublar milli komandaların həftəarası keçirilən oyunlarının çərşənbə günü keçirilməsinin əleyhinədir. Bu, yığmanın düşərgəsindən qayıdan futbolçuların həftəsonu baş tutan matçlara hazır olmasına əngəl törədir. Bu səbəbdən yığmaların çərşənbə günləri deyil, çərşənbə axşamlarında oynaması məqsədəuyğundur. AKA da buna nail olmaq əzmindədir.

UEFA konfransına çıxarılacaq digər məsələ yaşı çox olan futbolçuların Olimpiya oyunlarında iştirakına qadağa qoyulmasıdır. AKA bu turnirdə yalnız 20 yaşadək olan futbolçuların oynamasını tələb edir. Bundan başqa, klublar 18 yaşadək olan futbolçuların beynəlxalq transferlərinin əleyhinədir.

Qurum daha qlobal görünən məsələyə də münasibət bildirib. Belə ki, onlar futbol agentlərinin fəaliyyətinin tənzimlənməsinin tərəfdarıdır. Çünki, hazırkı vəziyyətdə menecerlik edən şəxslər xaos yaratmaqla məşğuldur. Şəxsi qazancları naminə futbolçu və klubların maraqlarını belə arxa plana keçirən agentlərlə bağlı xüsusi qaydaların tərtib olunmasının zəruriliyi də vurğulanıb.

AKA klublara mübahisəli məsələlərin həlli üçün FİFA-ya müraciət etməməyi tövsiyə edib. Belə ki, İsveçrədəki İdman Arbitraj Məhkəməsi belə məsələləri daha tez həll edir ki, bu da artıq vaxtın itirilməməyidir. Bunun üçün isə müqavilələrdə mübahisəli halın yaşanacağı halda, məsələyə bu qurumda həll olunması haqda bənd daxil edilməlidir.

Qeyd edək ki, ikinci dəfə təşkil olunan assambleyada qurumun yeni açılan internet saytının təqdimatı da keçirilib.
0