Badri Kvaratsxeliya ad günündə futbol tariximizə düşəcək
13.02.2009 - 13:38
Badri Kvaratsxeliya ad günündə futbol tariximizə düşəcək
Bakının “Standard” klubunun baş məşqçisi Badri Kvaratsxeliya Azərbaycan futbol tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, 44 yaşlı gürcüstanlı adını milli çempionatlar tarixinə həm futbolçu, həm də baş məşqçi kimi yazdıran ilk əcnəbi olacaq.

Düzdür, Kvaratsxeliyayadək serbiyalı Miroslav Saviç bunu gerçəkləşdirib. Ancaq fərq ondadır ki, “Xəzər-Lənkəran” və “Masallı”nın sabiq müdafiəçisi ötən mövsümdə yalnız bir oyunda baş məşqçi əvəzi olub. O, “Masallı”nın baş məşqçisi Qəhrəman Əliyevin “Olimpik”lə “Şəfa” stadionunda uduzduğu (1:3) oyundan sonra “Gənclərbirliyi” ilə Lənkəranda keçirilən görüşə komandanı çıxarıb və 6:0 hesablı qələbə qazanıb. Fazil Əsədovun baş məşqçi postuna təyinatından sonra Miroslav yenə də köməkçi kimi fəaliyyətini davam etdirib. Badri isə son bir ildə “Standard”ı çalışdıran həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi olub. Sxadadzenin ilk dövrə bitəndən sonra istefa verməsi ilə onun yerinə keçən Kvaratsxeliya bununla da baş məşqçi kimi debütünü karyerasının ən yaxşı illərini keçirdiyi Azərbaycanda reallaşdıracaq.

Ölkəmizdə 1997-2005-ci illərdə çıxış edən veteran hücumçu iki klubda – “Kəpəz” və “Şəmkir”də oynayıb. Gəncə təmsilçisində cəmi bir mövsüm (1997/98) keçirən Badri həmin il həm çempion oldu, həm də vurduğu 16 qolla çempionatın bombardiri oldu. Ardından “Şəmkir”ə keçən gürcü hücumçu bu komandanın heyətində iki dəfə qızıl, iki dəfə gümüş medal və iki dəfə ölkə kubokunun finalçısı olub. Bununla, Kvaratsxeliya Azərbaycanda həm ən titullu, həm də ilk çempion legionerdir.

Badrinin baş məşqçi kimi debütündə məhz “Neftçi” ilə görüşməsi də maraqlı məqamdır. Axı o, futbolçu karyerası dövründə çempionluq uğrunda əsas rəqibi olan flaqmanın qapısına dəfələrlə yol tapıb. İndi gürcü yaxşı tanıdığı rəqiblə matça baş məşqçi kimi çıxacaq. Kvaratsxeliya “Neftçi”yə sonuncu qolunu 2003-cü ilin sentyabrın 13-də səfər görüşündə vurub. 2:2 hesabı ilə başa çatan həmin qarşılaşmada hücumçu 51-ci dəqiqədə fərqlənib.

Karyerasını “Şəmkir”də başa vuran Badri sonuncu qoluna 2004-cü ilin noyabrın 27-də “Göyəzən” klubunu Qazaxda 2:0 hesabı ilə yendikləri matçın 10-cu dəqiqəsində imza atıb. Kvaratsxeliyanın iki gün sonra “Neftçi” ilə görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı özünəməxsus xatirələri var. 2000-ci ildə məhz bu arenada Latviyanın “Skonto” klubu ilə Çempionlar Liqasının (ÇL) cavab görüşündə (4:1) het-trik edən hücumçu Azərbaycanın ilk dəfə bu turnirdə mərhələ adlamasına yardımçı olub.

Badri növbəti mövsüm elə Respublika stadionunda ÇL-nin cavab matçında etdiyi hərəkətlə qəhrəmandan antiqəhrəmana çevrildi. Belə ki, o, Uelsin “Barri Taun” klubu ilə görüşün əvvəlində birbaşa qırmızı vərəqə alıb, meydandan qovulmaqla “Şəmkir”i pis vəziyyətdə qoydu. Nəticədə UEFA-nın 5 oyunluq cəzasına məruz qalan gürcü futbolçu bir daha avrokuboklarda oynamadı. “Neftçi” ilə görüşün fevralın 15-də keçirilməsi də Badri üçün əlamətdardır. Axı həmin günü ad gününü qeyd edəcək gürcü “4”ləri qoşalaşdıracaq.

Qeyd edək ki, 2000-ci ildə milliləşdirilərək, Azərbaycan pasportu alan Kvaratsxeliya yığmamızda da çıxış edib. Həmyerliləri (Gürcüstan yığması) ilə Respublika stadionunda yoldaşlıq görüşündə milli komandamızda debüt edən Badri sonrakı iki oyunu İsveç və Makedoniya ilə rəsmi matçlarda keçirib.
0