Vladislav Qədirov: İlk dövrədə bizi udmurdular, özümüz uduzurduq
13.02.2009 - 14:43
Vladislav Qədirov: İlk dövrədə bizi udmurdular, özümüz uduzurduq
“İkinci dövrəni qələbə ilə başlasaq, bizim qarşımızı almaq bütün komandalar üçün çətin olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə sabah başlayacaq salyanlıların çalışdırıcısı “Qəbələ” ilə qarşılaşmanın vacib olduğunu düşünür: “Uğurlu start götürmək istənilən komanda üçün vacibdir. Matç Bakıda keçirilsə belə, meydan sahibi sayılırıq. “Ev”də oynadığımız üçün qalib gəlməyə borcluyuq. Bu nəticə komandamıza əlavə ruh yüksəkliyi verəcək ki, bunun da bəhrəsini qarşıdakı oyunlarda görə bilərik”.

Qış fasiləsində heyətində ciddi islahatlar aparan “Muğan”ın birinci dövrə ilə müqayisədə gücləndiyini düşünən Qədirov bunun yalnız qarşıdakı turlarda özünü göstərəcəyini bildirib: “Birinci dövrədə də yaxşı oyunçularımız var idi. Amma peşəkarlıq baxımından indiki heyət daha güclüdür. Elə buna görə idi ki, bizi udmurdular, biz uduzurduq. Lakin indiki oyunçuların da bəziləri 2-3 gündür komandaya qoşulub. Bu isə uyğunlaşma ilə bağlı problemə səbəb ola bilər. Komandanın bir-birinə uyğunlaşması üçün zəruri olan vaxta ehtiyacımız var. Əminəm ki, 10-15 günə bu problemi arxada qoyacağıq”.

Baş məşqçinin sözlərinə görə, “Qəbələ” ilə matçda yetirmələrinin qazancı təkcə 3 xal olmayacaq: “Sabah meydana çıxıb oynamalıyıq. Bizim hazır olub-olmamağımız heç bir rol oynamır, oynamalıyıq və qalib gəlməliyik. “Qəbələ” ilə görüşdən sonra bizim daha bir həftə vaxtımız olacaq. Bu səbəbdən həm rəqibimizi udmaq, həm də bununla vaxt qazanmaq istəyirik”.

Qeyd edək ki, sabah “Şəfa” stadionunda keçiriləcək “Muğan” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.
0