Valentin Xodukin: “Olimpik” haqda düşünməyə vaxtım olmayıb
13.02.2009 - 15:14
Valentin Xodukin: “Olimpik” haqda düşünməyə vaxtım olmayıb
“İkinci dövrənin startını səbirsizliklə gözləyirik”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının ilk dövrəsinin lideri olan Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Ukraynalı çalışdırıcı bildirib ki, komandasını ikinci dövrəyə hazır sayır: “Təsəvvür edin ki, qış fasiləsində 13 oyun keçirdik. Bunlardan 8-i Antalyada, 5-i Moskvada “Birlik kuboku” turniri zamanı oldu. Azərbaycan çempionatının ilk dövrəsi isə 13 oyundan ibarətdir. Göründüyü kimi, biz elə dövrlərarası fasilə müddətində eyni sayda görüş keçirmişik. Bu hazırlıq matçlarından sonra komandamız müəyyən yüksəlişdədir. Futbolçular daha hərəkətli, təravətlidirlər. İkinci dövrədə də uğurla çıxış etməyə, ən əsası, ürəklə oynamağa çalışacağıq”.

Xodukin hazırlıqla bağlı nikbin olsa da, heyətdəki dəyişiklərdən narahatdır: “Qış fasiləsində Mahmud Qurbanov, Valentin Belkeviç, Tadas Labukas komandamızı tərk etdi. Zədələnən serb Qoran Arnaut isə bir-iki aylıq sıradan çıxıb. Bu orta sahə oyunçularının yoxluğunda taktiki sxem, xətlərarası əlaqə baxımından yeniliklər olacaq. Düzdür, elə də çox transferlərimiz olmadı. Aldığımız yeganə legioner – latviyalı Vladimir Kolesniçenkonun komandaya uyğunlaşması üçünsə vaxt lazımdır”.

Baş məşqçinin fikrincə, ikinci dövrənin ilk turu çərçivəsində görüşəcəyi “Olimpik”in hazırkı durumundan bixəbərdir. O, vurğulayıb ki, qarşıdakı rəqibinin oyununu çoxdandır görməyib: “Rəqib haqda düşünməyə, qış fasiləsində bu komandada baş verənlər haqda informasiya əldə etməyə vaxtım olmayıb. Əlbəttə, “Olimpik” barədə məlumatlı olmaq yaxşıdır və biz də nail olmağa çalışırıq. Ancaq qış fasiləsində elə sıx qrafikdə çalışdıq ki, istəsək belə vaxtımız olmadı”.

Qeyd edək ki, “İnter” ötən mövsüm son turda çempionluğu “Olimpik”in əlindən aldı.
0