Yunis Hüseynov: Mən də qələbə istəyirəm, Ponomaryov da
13.02.2009 - 16:04
Yunis Hüseynov: Mən də qələbə istəyirəm, Ponomaryov da
“Xəzər-Lənkəran”la görüşə ciddi hazırlaşmışıq. Çalışacağıq ki, səfərdən uğurlu nəticə ilə qayıdaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək “Xəzər-Lənkəran”la matça hazırlaşan mütəxəssis uğurlu seriyasını davam etdirmək niyyətindədir: “Ötən mövsüm Lənkərana iki komanda ilə yollansam da, heç birində uduzmadıq. Həm “Standard”, həm də “Karvan”la rəqibdən bir xal aldıq. Bu dəfə isə çalışacağıq ki, qələbə qazanaq”.

Bir vaxtlar “Neftçi”də birgə çıxış etdiyi İqor Ponomaryovun “Xəzər-Lənkəran”ın baş məşqçi postundakı debütünü korlamaq əzmində olan Hüseynov qələbəyə iddialıdır: “Ponomaryovla münasibətlərimiz hələ “Neftçi”də oynadığımız vaxtdan var. O, “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunandan sonra Antalyada görüşüb söhbət etmişik. Amma bizim münasibətlərin oyuna dəxli yoxdur. Mən də udmaq istəyirəm, Ponomaryov da. Kimin istəyinə çatacağını isə oyun göstərəcək. Əvvəllər də onunla rəqib kimi qarşılaşmışam. Səfərdə biz udmuşduq. Yevlaxda isə onun komandası. Çalışacağıq ki, qonaqların qələbə ənənəsini davam etdirək. Lakin bu futboldur, nəyisə əvvəldən demək mümkün deyil”.

Qeyd edək ki, “Karvan” indiyədək “Xəzər-Lənkəran” üzərində səfər qələbəsi qazanmayıb. Premyer Liqa çərçivəsində baş tutan əvvəlki dörd matçdan ikisində meydan sahibləri qaib gəlib, ikisi isə heç-heçə bitib.
0