İqor Ponomaryov: Bu dəfə hər hansı insident baş verməyəcək
13.02.2009 - 17:00
İqor Ponomaryov: Bu dəfə hər hansı insident baş verməyəcək
“Tək mən yox, bütün komanda üzvləri “Karvan”la oyunda qələbəyə köklənib. Yeni komandanın baş məşqçisi postunda debütümü üç xalla qeyd etmək istəyirəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

2004/05 mövsümündə “Qarabağ”la mövsümü 6-cı yerdə başa vuran 49 yaşlı mütəxəssis qış fasiləsində cənub təmsilçisinin yeni çalışdırıcısı təyin olunub. O, ilk görüşdə qələbə qazanmaqla, yerli azarkeşləri sevindirmək fikrindədir: “Oyuna hazırlığımız qaydasında davam edir. Zədəli Rəşad Abdullayevi nəzərə almasaq, heyətlə bağlı problemimiz yoxdur. Hamımızın qələbə motivasiyası böyükdür. Yeni transferlərdən Əhməd Dursunla Fatih Sonkayanı optimal formaya gətirməyə çalışırıq. Onlara ümidimiz böyükdür. Belə olmasaydı, bu futbolçuları komandaya götürməzdik”.

Ponomaryovun iki gün sonra keçiriləcək matçda rəqibi uzun illər “Neftçi”də bir yerdə oynadığı Yunis Hüseynov olacaq. Olimpiya çempionu “Qarabağ”a rəhbərlik etdiyi dövrdə Hüseynovun çalışdırdığı “Karvan”la görüşləri unutmayıb: “Həmin qarşılaşmaları yaxşı xatırlayıram. Yevlaxda 1:0 hesabı ilə qələbə qazanmışdıq. İlk dövrədə Suraxanıda keçirilən oyunda da qalib gəlməli idik. Qapımıza hər iki qol qaydalar çərçivəsində vurulmadığı halda, hesaba alındı və nəticədə 1:2 hesabı ilə uduzduq. Yadımdadır, hər iki oyunda qalmaqal olmuşdu. Ümid edirəm ki, bu dəfə hər hansı insident baş verməyəcək və hər şey qaydasında olacaq. Hüseynovla münasibətlərim normaldır. O, uzun müddət “Karvan”ı çalışdırdığından, komandanı əzbər bilir. Rəqib haqda ümumi məlumatım var, 4-4-2 taktiki sxemlə oynaması, daha çox hücum futboluna üstünlük verməsi, heyətində bir sıra yığma oyunçularının olmasından xəbərdaram”.

“Qarabağ”da işlədiyi müddətdə hakimliklə bağlı bir sıra problemlərlə üzləşən Ponomaryov bu dəfə analoji vəziyyətin olmayacağına ümid edir: “Həmin vaxt təkcə “Karvan”la yox, “Karat” və “MKT-Araz”la oyunlarda da bizə qarşı hakim haqsızlığı olmuşdu. Demirəm ki, o dövrdə hakimlik bərbad idi. Sadəcə, daha yaxşı ola bilərdi. “Xəzər-Lənkəran”da işlədiyim müddətdə hakimliklə bağlı problemlə üzləşməyəcəyimə inanıram”.
0