Nazim Süleymanovun komandası yenə uduzdu
13.02.2009 - 17:21
Nazim Süleymanovun komandası yenə uduzdu
Bu gün Azərbaycan Premyer Liqası klublarının əvəzedici heyətlərinin çempionatında ikinci dövrə start götürüb. Apasport.az saytının məlumatına görə, XIV tur çərçivəsində 3 matç keçirilib.

“Şəfa” stadionunun 4-cü meydançasında MOİK “Bakı”nı qəbul edib. Veteran futbolçumuz Nazim Süleymanovun rəhbərlik etdiyi “Bakı” bu dəfə də ordu klubuna məğlub olub - 0:2. Ramil Əliyevin yetirmələri ilk dövrədə paytaxtın eyniadlı komandasına minimal hesabla qalib gəlmişdi.

Lider “Qarabağ” “Bakılı”nın qapısından 6 cavabsız top keçirib. “Qəbələ” isə səfərdə “Muğan”ı üstələyib - 1:0. Bu oyunlardan sonra “Qarabağ” 34 xalla zirvədə yerini möhkəmləndirib. İkinci pillədə 30 xala malik “Neftçi” qərarlaşıb. Qələbə sayəsində MOİK xalını 26-ya çatdıraraq, 3-cü yerə yüksəlib. “Bakı” isə 4-cü sıraya enib (25 xal).

Sabah yarışda daha 4 oyun olacaq. Azarkeşlər “Xəzər-Lənkəran" - "Karvan", "İnter" - "Olimpik", "Neftçi" - "Standard" və "Turan" - "Simurq" matçlarını izləyə bilərlər.
0