AFFA “Lujniki”yə azarkeş ordusu toplamaq üçün hərəkətə keçdi
13.02.2009 - 18:12
AFFA “Lujniki”yə azarkeş ordusu toplamaq üçün hərəkətə keçdi
AFFA rəhbərliyi martın 28-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Moskvanın “Lujniki” stadionunda Rusiyaya qarşı keçiriləcək oyunda Azərbaycan milli komandasını azarkeş ordusunun dəstəkləməsi üçün tədbirlərə başlayıb. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, Azərbaycanın Moskvadakı səfirliyinə, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporuna və iş adamlarına müraciət olunub: “Biz ölkəmizin Moskvadakı səfirliyinə məktub ünvanlamışıq. Bundan başqa, diaspora və iş adamları ilə danışıqlar aparırıq. Onların köməkliyi sayəsində qarşıdakı matça xeyli azarkeş toplayacağımıza əminik”.

Məmmədov Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən ayrılan biletlərə də toxunub. Baş katib vurğulayıb ki, RFİ-dən 2500 bilet alınıb: “Bunların hər birinin qiyməti 5 dollardır. Satış Azərbaycanın Moskvadakı səfirliyində və AFFA-nın inzibati binasında təşkil olunacaq. Bizim qarşı tərəfdən 7000 bilet almaq hüququmuz var. İlkin variantda 2500 bilet götürmüşük. Əgər ehtiyac yaranarsa, gələcəkdə yenə bilet sifariş edəcəyik”.

Qeyd edək ki, Rusiya - Azərbaycan matçı üçün ümumilikdə 60 min bilet hazırlanıb.
0