“Turan” Viktor İbekoyini də qaytarır
13.02.2009 - 18:28
“Turan” Viktor İbekoyini də qaytarır
Tovuzun “Turan” klubu “transfer pəncərəsi”nin sonuncu günündə daha üç futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Viktor İbekoyi, Muammer Ərdoğdu və İlqar Nəbiyev ikinci dövrədə Qərb təmsilçisinin şərəfini qoruya bilər. Hazırda futbolçularla danışıqlar aparıldığından, onların klubda qalacağı dəqiqləşməyib.

Nigeriyalı futbolçu əvvəllər də “Turan”da oynayıb. 2006/07 mövsümündə Viktor tovuzluların heyətində 22 oyuna 9 top vurmağa nail olub. İl yarım əvvəl “Turan”ı tərk edən Viktor bu müddətdə “Qarabağ”da çıxış etsə də, sonra transferə çıxarılıb. Ötən mövsüm 22 matçda 5 qol vuran 23 yaşlı hücumçu Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra vaxtını əsasən ehtiyat oyunçular skamyasında keçirib. Birinci dövrədə cəmi 3 matçda 152 dəqiqə meydanda olan İbekoyi 1 qola da imza atıb.

Türkiyəli legioner Muammer üçün isə “Turan” ikinci komanda olacaq. Birinci dövrədə “Xəzər-Lənkəran”ın şərəfini qoruyan və qış fasiləsində transferə çıxarılan legioner Premyer Liqanın 3 oyununda 113 dəqiqəsində çıxış edib.

Azərbaycan çempionatında debüt etməyə yaxın olan Nəbiyev isə son illəri Türkiyə klublarının uşaq komandalarında çıxış edib.
0