Azərbaycan çempionatının coğrafiyası Skandinaviyadan Yaşıl qitəyədək genişləndi
14.02.2009 - 00:01
Azərbaycan çempionatının coğrafiyası Skandinaviyadan Yaşıl qitəyədək genişləndi
Azərbaycan çempionatında təmsil olunan ölkələrin coğrafiyası genişlənməkdədir. Apasport.az saytının məlumatına görə, artıq Avstraliya, İrlandiya, İsveç, Polşa, Mərakeş, Burundi kimi ölkələrin futbolçuları da Premyer Liqamızın iştirakçısı olacaq. Bütün bunlar komandalarımızın qış fasiləsində etdiyi bir sıra transferlərdən sonra reallaşacaq.

“Neftçi”nin yeni müdafiəçilərindən Con Tamburas avstraliyalı, Co Kendrik isə irlandiyalıdır. Onlar “Droqheda”nın heyətində İrlandiya çempionluğunu qazanıblar. Polşalı adaşlar isə “Neftçi” və “Qəbələ”də təmsil olunacaq. Belə ki, Tomaş Bobbel flaqmanın qapıçısı, Tomaş Stolpa qəbələlilərin hücumçusudur. Bobbel Azərbaycanda oynayacaq ilk polşalı, “Qəbələ”nin heyətinə cəlb etdiyi Pavel Doroşev isə ilk latviyalı qolkiperdir.

“Bakı”nın hücumçusu Hasan Suari Azərbaycanda top qovacaq ilk mərakeşlidir. Onun komanda yoldaşı Ndayisaba Floribet isə ekzotik ölkə sayılan Burundidən gəlib. “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Nadir Bençena çempionatımızda forma geyinəcək ilk isveçli futbolçu olacaq.

“Neftçi”nin yeni hücumçuları - kamerunlu Valentin Atemlə rumıniyalı Adrian Nyaqa öz ölkələrinin Premyer Liqada ilk təmsilçisi olmasalar da, hər halda, transferləri diqqət çəkir. Çünki komandalarımız indiyədək Almaniyanın “Duysburq” və Rumıniyanın “Styaua” kimi klublardan futbolçu almayıblar. Atem ilk dövrədə “Duysburq”la Almaniyanın ikinci Bundesliqasının iştirakçısı olub, Nyaqa isə “Styaua”nın heyətində Rumıniyanın yüksək liqasında meydana çıxıb.

“Neftçi”nin son transferi olan rumın yarımmüdafiəçi Marian Aliute ötən yay İntertoto kubokunda “Vaslui”nin heyətində flaqmana qarşı hər iki görüşdə oynayıb. İkinci dövrə həm də Əhməd Dursun, Fatih Sonkaya kimi tanınan futbolçuların ölkəmizdə çıxışı ilə əlamətdar olacaq. “Xəzər-Lənkəran”ın Oktay Dərəlioğludan sonra növbəti “transfer bombaları” da Türkiyədən oldu. Artıq bizim çempionatda da Rikelme var. Ancaq Bakı “Standard”ının transfer etdiyi bu futbolçu olimpiya çempionu məşhur argentinalı Rikelme yox, onun uruqvaylı adaşıdır.

Ölkəmizdə top qovan bəzi legionerlərin bir müddətlik fasilədən sonra geri qayıdışı da qış fasiləsinə təsadüf etdi. Belə ki, gürcü müdafiəçi Aleksandr İntskirveli yarım il vətənində oynadıqdan sonra “Karvan”a qayıtdı. Onunla uzun müddət “Karvan”da bir yerdə çıxış etmiş türkmənistanlı yarımmüdafiəçi Məkan Nəsirovu isə altı aylıq fasilənin ardından “Qəbələ” heyətinə qatdı. Ötən mövsüm qəbələlilərin əsas hücumçularından Vladimir Tsaranu da yarım ildən sonra geri döndü. Moldovalı hücumçu indi Premyer Liqanın debütantı “Muğan”ın düşərgəsindədir.

Yeri gəlmişkən, son vaxtlar ölkədən kənarda qərarlaşan azərbaycanlılara da toxunmaq lazımdır. Bu mənada uzun müddət İsveçdə yaşayan, olimpiya çempionu olan yeganə futbolçumuz İqor Ponomaryovu qeyd etməliyik. İl yarımdır işsiz qalan 49 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin edildi. Bununla da 2004/05 mövsümündə Ağdam “Qarabağ”ını çalışdıran Ponomaryov yenidən milli çempionatımızın iştirakçısı olacaq. 2007-ci ilin avqustunda İmişlinin “MKT-Araz” klubu dağıldıqdan sonra Polşaya yollanan Saşa Yunisoğlu da Vətənə gəldi. Ötən mövsüm “Qrotslin”in heyətində Polşa çempionatının bürünc mükafatçısı olan millimizin 24 yaşlı müdafiəçisi “Poloniya”da ehtiyatda qalmaqdansa, “Bakı”ya keçməyi üstün tutdu.

Dövrlərarası fasilədə vətəni tərk edərək Türkiyədə oynamağa bir sıra futbolçularımız can atsa da, yalnız ikisinin arzusu çin oldu. Rəşad Sadıqovla Ramal Hüseynov “Kocaelispor”da qərarlaşıb.
0