“Bakı” üçün yeni baza
13.02.2009 - 18:49
“Bakı” üçün yeni baza
“Bakı” futbol klubunun gələn ay yeni bazası olacaq. Apasport.az saytının məlumatına görə, bu barədə açıqlama verən komandanın baş katibi Zəka İbrahimov bildirib ki, yaxın zamanda yeni baza və məşq meydançaları futbolçuların ixtiyarına veriləcək. Onun sözlərinə görə, artıq bu məsələ həllini tapıb: “Klubun “Delfin” oteli ərazisində inşa edilən bazasının tikintisi başa çatmaq üzrədir. Təxminən bir ay sonra futbolçularımız orada məşq edə biləcəklər. Eyni zamanda, əvəzedici heyətimizin çempionat oyunları bu meydanda keçirəcəyi planlaşdırılır”.

Klubun yeni stadionunun inşasına da toxunan İbrahimov növbəti mövsümdə bu məsələnin həll olunacağını söyləyib: “Yeni stadionumuzun inşası davam edir. Qaraçuxur qəsəbəsi ərazisində yerləşən bu stadion “Bakı”nın əsas stadionu olacaq və komandamız ev oyunlarını burada keçirəcək. Tikintiyə gəldikdə, işlərin başa çatması uzun bir zaman aparmayacaq. İnanırıq ki, gələn mövsümdən etibarən komandamız artıq yeni stadionuna qovuşacaq. Bildiyiniz kimi, futbolçularımız Antalyada təlim-məşq prosesi keçdilər. Bu sözsüz ki, çempionatın ikinci dövrəsində yüksək səviyyədə çıxış etmək üçün zəruridir. Antalyada futbolçular qrip epidemiyasından əziyyət çəkdilər. Lakin bu təlimlərin yüksək səviyyədə baş tutmasına mane olmadı”.
0