Alim Qurbanov: Özümü mənə qarşı haqsızlıq edən Ponomaryova sübut etməliyəm
14.02.2009 - 11:42
Alim Qurbanov: Özümü mənə qarşı haqsızlıq edən Ponomaryova sübut etməliyəm
“Lənkəranda rəqib kimi oynamaq şəxsən mənim üçün çətindir. Çünki “Xəzər-Lənkəran” yaranandan sonra 4,5 il yarım bu komandanın şərəfini qorumuşam. Ancaq buna görə, sabiq klubuma qarşı oynamamaq da düz çıxmazdı”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun yarımmüdafiəçisi Alim Qurbanov deyib.

“Xəzər-Lənkəran”ın icarəyə verdiyi 32 yaşlı futbolçu sabah keçmiş komandası ilə oyuna ciddi hazırlaşır. Alimin sözlərinə görə, onun üçün əsas prinsipiallıq Lənkəran təmsilçisinin baş məşqçisi İqor Ponomaryovla görüş kəsb edir: “Bu gün “Karvan”da çıxış edirəmsə, ilk növbədə bu komandanın uğuru üçün çalışmalıyam. Belə olan halda, uzun müddət çıxış etdiyim komandaya qarşı oynamağa məcburam. Lənkəranlı azarkeşlərə hörmətim var. Sabahkı matçda İqor Ponomaryova bir futbolçu kimi özümü sübut etməliyəm. Çünki o, tək mənə yox, Füzuli Məmmədova qarşı da haqsızlıq etdi”.

Qurbanov “Karvan”ın hazırlığına gec qoşulmasına baxmayaraq, keçmiş komandası ilə prinsipial görüşdə meydana çıxacağına ümid edir: “Hər şey özümdən asılıdır. “Karvan”ın hazırlığına ikinci dövrəyə az qalmış qoşulsam da, hər halda, məşqsiz qalmamışam. “Xəzər-Lənkəran”la Antalyada üç həftəyə yaxın təlim-məşq toplanışı keçdim. Hazırda Lənkərana gedirik və bu gün son məşqimiz olacaq. Bundan sonra Hüseynov əsas heyəti müəyyənləşdirəcək. Yadımdadır, “Xəzər-Lənkəran”da çıxış etdiyim zaman “Karvan”a qarşı oyunlarımız çətin alınırdı. İlk turun görüşləri adətən ağır olur. Lənkərandan xalla qayıtmağa çalışacağıq”.
0