Rəşad Sadıqov Türkiyədə haqsızlıqla üzləşib
16.02.2009 - 10:57
Rəşad Sadıqov Türkiyədə haqsızlıqla üzləşib
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyədə haqsızlıqla üzləşib. Apasport.az saytının məlumatına görə, “Kocaelispor” klubunun şərəfini qoruyan 27 yaşlı müdafiəçi Superliqanın “Kayserispor”la matçında penaltiyə səbəb olub.

Görüşün 62-ci dəqiqəsində topun məhz Rəşadın əlinə toxunmasına görə təyin olunan penalti ilə qonaqlar hesabı bərabərləşdirib. Türkiyə mətbuatı bu epizodda hakim haqsızlığını, penalti qərarının düzgün olmadığını qabardıb. Matçın birinci hissəsində hesabı açan “Kocaelispor” penaltinin ardından daha bir qol buraxaraq, 1:2 hesabıyla məğlub olub.

Həmkarlarımız üç ulduzlu sistemlə qiymətləndirmədə 90 dəqiqə meydanda olan Sadıqovun oyununu orta səviyyəyə - ikiyə layiq bilib. Ümumilikdə isə o, keçirdiyi 3 matçda orta hesabla 1,67 ulduz alıb.

20 oyundan sonra hesabında 12 xal olan “Kopcaelispor” 18 komanda arasında 17-ci sırada qərarlaşıb. Növbəti turun fevralın 22-də keçiriləcək oyununda “Kocaelispor” “Qalatasaray”ın qonağı olacaq. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüşdə Rəşad “Əli Sami Yen” stadionuna çıxacaq.
0