Əsgər Abdullayevin üzləşdiyi kuryoz hadisə
16.02.2009 - 11:21
Əsgər Abdullayevin üzləşdiyi kuryoz hadisə
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bir neçə futbolçumuz verilən tapşırıqları yerinə yetirmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Premyer Liqanın ikinci dövrəsinə lider “İnter”ə məğlubiyyətlə (0:1) başlayan paytaxt təmsilçisinin 49 yaşlı çalışdırıcısının fikrincə, rəqiblə başa-baş mübarizə aparıblar: “Hər halda, bərabər səviyyədə oyun keçdi. Qismət belə idi ki, bu gün məğlub olmalı idik və belə də oldu. Bir neçə oyunçumuzun zədəli olması və nəticədə yerdəyişmələr etməyimiz öz təsirini göstərdi. Biz “İnter”lə oyuna bir heyətlə hazırlaşmışdıq və orada bir neçə nəfərin olmamağı öz sözünü dedi. Hər halda, futbolda məğlubiyyət var və bundan düzgün nəticə çıxardıb, qarşıdakı oyunlara ciddi hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, Abdullayev oyundan sonra keçirilən mətbuat konfransında maraqlı jesti ilə diqqət çəkdi. Mətbuat konfransını giriş sözü ilə açıq elan edən “İnter”in mətbuat katibi Səbuhi Məmmədov qaydaya əsasən, öncə sözü qonaq komandanın baş məşqçisinə verdi. Amma həmin anda təqdim etməli olduğu Əsgər Abdullayevin adını bir anlığa yada sala bilməyən Məmmədov çətin vəziyyətə düşdü və pərt oldu. Sonradan baş məşqçinin adını yada salan mətbuat katibi çalışdırıcının soyadını özününkü, yəni Məmmədov kimi təqdim etdi. Onsuz da məğlubiyyətdən dilxor olan “Olimpik”in çalışdırıcısı bunu cavabsız qoymadı. Belə ki, Abdullayev əlini ona uzadaraq, “Gəl, tanış olaq da” dedikdən sonra oyun haqda fikirlərini bildirdi.
0