İki futbolçu üçün əlamətdar tur
16.02.2009 - 12:28
İki futbolçu üçün əlamətdar tur
Azərbaycan Premyer Liqasının XIV turu iki futbolçu üçün əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, Vaqif Cavadovla Kamal Quliyev həftəsonu keçirilən oyunlarda yubileylərini qeyd ediblər. Ağdamın “Qarabağ” klubunda çıxış edən Cavadov Premyer Liqa tarixində özünün yubiley – 50-ci oyununu keçirib. Azərbaycan karyerası yalnız bir klubla bağlı olan hücumçu bu matçların hamısını ağdamlıların heyətində keçirib. Bu səbəbdəndir ki, “Bakılı”ya qarşı oyun Vaqifin həm də “Qarabağ”in heyətindəki 50-ci çempionat matçı olub. Yubiley görüşündə qol vura bilməyən Azərbaycan milli komandasının 19 yaşlı hücumçusu cari mövsüm 14-cü dəfə meydana çıxıb. Cavadov ötən mövsüm 25, 2006/07 mövsümündə isə 11 qarşılaşmaya çıxıb.

“Karvan”ın şərəfini qoruyan Quliyev bu komandanın çempionat matçlarında 50-ci oyununu keçirib. 2004/05 mövsümündə 29, 2006/07 mövsümündə isə 9 qarşılaşmada yevlaxlıların formasını geyən Quliyevin yubileyi “Xəzər-Lənkəran”la matça təsadüf edib. Belə ki, Lənkərandakı görüş yarımmüdafiəçi üçün cari mövsümdə 12-ci çempionat oyunu olub.
0