Onlar özlərini elə aparırlar ki, sanki “Çelsi”də çalışırlar
16.02.2009 - 14:17
Onlar özlərini elə aparırlar ki, sanki “Çelsi”də çalışırlar
“İqor Ponomaryovun rəhbərliyi altında milli komandada mən də oynamışam. Həmin vaxt yığmamız heç də pis oynamayıb. Zaman keçdikcə, insanlar də dəyişərmiş. Ponomaryovla Lənkərandakı görüşdə bunun əyani şahid oldum”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun futbolçusu Kamal Quliyev deyib.

33 yaşlı yarımmüdafiəçi ölkə çempionatının XIV turunda “Xəzər-Lənkəran”la səfər matçında (0:0) komandasının xal qazanmasında böyük rolu olub. Həm keçmiş komandası, həm də keçmiş baş məşqçisi ilə görüşən Quliyev Ponomaryovun münasibətindən gileylənib: “Oyundan bir gün əvvəl “Xəzər-Lənkəran”ın məşqçiləri ilə görüşdüm. Ponomaryov və onun köməkçiləri mənimlə elə görüşürdülər ki, sanki İngiltərədə “Çelsi, “Mançester Siti”, yaxud “Nyukasl”ı çalışdırırlar. Ponomaryov hələ “Karvan”la oyundan əvvəl artıq bizi məğlub etmiş kimi gəzirdi. Sanki artıq qalib idi və bizə qarşı saymazyana münasibət göstərirdi”.

Ponomaryovun “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi debüt görüşündə qələbə qazana bilməməsinə gəlincə, Quliyev bunu onun rəqibə yuxarıdan aşağı baxması ilə əlaqələndirib. Onun fikrincə, Lənkəran təmsilçisində tez-tez baş məşqçi dəyişikliyi komandanın çıxışına öz təsirini göstərir.

Qeyd edək ki, Kamal 2005-ci ilin yayında “Karvan”dan “Xəzər-Lənkəran”a keçsə də, çox keçməmiş geri qayıdıb.
0