“Yunis Hüseynov daha güclü klublarda işləyə bilər”
16.02.2009 - 16:30
“Yunis Hüseynov daha güclü klublarda işləyə bilər”
“Xəzər-Lənkəran”la oyunlarımızın uğurlu alınmasının sirri baş məşqçimiz Yunis Hüseynovdadır. O, komandanı matça necə hazırlaşdırmağı yaxşı bilir”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun kapitanı Kamal Quliyev deyib.

Yunis Hüseynovun rəhbərliyi altında Bakının “Standard” klubunun heyətində də “Xəzər-Lənkəran”la səfər oyununda uduzmayan (2:2) Quliyev bütün bunları təsadüfi saymır: “Biz təkcə “Xəzər-Lənkəran”a yox, hər bir rəqiblə matça eyni səviyyədə, ciddi hazırlaşırıq. Ancaq bilirsiniz, məşqçidən məşqçiyə fərq var. Hüseynov komandanı görüşə xüsusilə psixoloji planda yaxşı hazırlaşdırır. O, “Xəzər-Lənkəran”la hər oyundan qabaq biz futbolçulara deyir ki, uduzmayacaqsınız. Görüş ya qələbəmizlə, ya da heç-heçə nəticələnəcək. Futbolçularla ünsiyyətində baş məşqçidən daha çox dost, yoldaş, qardaş kimi davranır. Bizə lazımı tapşırıqlar verir və bunun bəhrəsini görürük. Sağ olsun futbolçular da “Xəzər-Lənkəran”la son oyunda yüz faiz də olmasa, hər halda, tapşırıqları yerinə yetirdilər və səfərdən xalla döndük”.

Quliyev “Xəzər-Lənkəran”ın heyətində də “Karvan”a qarşı oynayıb. Lənkəranlılar 2005/06 mövsümündə Yevlax təmsilçisi ilə hər iki görüşdə qələbə üzünə həsrət qalıb (1:0 və 0:0). 33 yaşlı yarımmüdafiəçi “Xəzər-Lənkəran”ın Yunis Hüseynovla görüşlərdə çətinliklə üzləşdiyini söyləyib: “2005-ci ildə “Xəzər-Lənkəran”ın heyətində olduğum zamanı “Karvan”a 0:1 hesabı ilə uduzmuşduq. Həmin vaxt da Yevlax klubunun baş məşqçisi Yunis Hüseynov idi. Göründüyü kimi, onun rəhbərliyi altında komandanın “Xəzər-Lənkəran”la görüşü yaxşı alınır. Düzdür, “Karvan” lənkəranlılara uduzduğu vaxt da olub. 2004-cü ildə “Karvan”da oynadığım zamanı Yevlax stadionunun açılışı zamanı məhz “Xəzər-Lənkəran”la görüşərək, 0:1 hesabı ilə uduzmuşduq. Ancaq hər halda, Hüseynov öz işi ilə göstərir ki, daha güclü klublarda işləyə bilər. Sadəcə, hər şeyin vaxtı var və yerli mütəxəssislərə inanmaq lazımdır. Futbolçuların psixoloji planda necə yaxşı hazırlaşmağı Əhməd Ələsgərovun vaxtında görmüşəm. Hüseynovu bu komponentdə Ələsgərovdan sonra ən güclü mütəxəssis sayıram”.

Qeyd edək ki, Kamal “Xəzər-Lənkəran”la görüşdə “Karvan”ın heyətində çempionatda yubiley – 50-ci oyununu keçirib.
0