Branimir Subaşiç “Seul” və “Spartak” arasında seçim edir
16.02.2009 - 18:32
Branimir Subaşiç “Seul” və “Spartak” arasında seçim edir
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç Türkiyədə komanda axtarışını davam etdirir. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu Avropa, yaxud Asiyada oynamaq variantları arasında seçim edir.

Əslində, Avropada “transfer pəncərəsi” yanvarın 31-də bağlansa da, Rusiya və Ukrayna klubları yeni futbolçular almaq hüququna malikdir. Çin təmsilçisi “Çanqçun Yatay”la yanaşı, daha bir ölkə çempionu da Subaşiçə birbaşa müqavilə təklif etməyə hazırdır. Bu, 2004-cü ildən “Seul” (Cənubi Koreya) adını daşıyan “Anyanq LG” klubudur.

“Seul” üç dəfə (1985, 90, 2000) Koreyada qızıl medal qazanıb, həmçinin 2002-ci ildə Asiya Çempionlar Liqasının finalçısı olub. Son mövsümün gümüş mükafatçısıdır. Komandanın baş məşqçisi futbolsevərlərimizə yaxşı tanış olan Şenol Günəşdir. Türkiyə yığmasına 2002-ci Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında bürünc medal qazandıran təcrübəli mütəxəssis həmin turnirin seçmə mərhələsində milli komandamızla bir qrupda yer almışdı. Həmin vaxtdan koreyalıların rəğbətini qazanan Günəş son illərdə “Seul”u çalışdırır. Türkiyəli mütəxəssis hazırda öz vətənində komandasını təlim-məşq toplanışı keçir.

“Seul” kimi, Antalyada olan Branimirin əsas diqqəti isə ruslara yönəlib. Belə ki, 2005-ci ildə “Neftçi”yə gələnədək icarə əsasında Perm “Amkar”ında oynayan Subaşiç yenidən Rusiya Premyer-Liqasında çıxış etmək fikrindədir. Hücumçunun Antalyada təlim-məşq toplanışında olan Rusiyanın ortababları, Nalçik “Spartak”ı ilə danışıqlar apardığı istisna edilmir. Nalçik təmsilçisi ötən mövsümü 12-ci yerdə başa vurub.
0