Futbolçu meydançada lüt soyundu
16.02.2009 - 18:39
Futbolçu meydançada lüt soyundu
Belçikanın “Brügge” klubunun futbolçusu Bram Vanden Buşşe qeyri-adi hərəkətə yol verib. Apasport.az saytının məlumatına görə, Buşşe “Jerminal”la görüşün gedişində lüt soyunması ilə bir anda məşhurluq qazanıb.

Məsələ burasındadır ki, sözügedən oyunçu səfərdə “Jerminal”a qarşı matçın 87-ci dəqiqəsində meydana daxil olub. Lakin onun ağ tumanın altından qara alt paltarı göründüyü üçün oyunun baş hakimi Filipp Vinçe qarşılaşmanı dayandırıb. O, Buşşedən tumanını dəyişməyi tələb edib.

Matçın son dəqiqələrinin getdiyini nəzərə alan futbolçu vaxt qıtlığı üzündən paltardəyişmə otağına yollanmayıb, elə meydançanın kənarında soyunmaq qərarına gəlib. Onun tumanını dəyişməsi prosesi canlı yayımda efir rejissorlarının diqqətindən qaçmayıb. Belçika mətbuatı bu olaya geniş yer ayırıb.

Buşşe isə hadisə haqda bunları deyib: “Komanda yoldaşım Foleyə dedim arxamda dursun. Ancaq o, gələnədək iş-işdən keçmişdi. Bütün kameralar mənim çılpaq görüntümü çəkiblər”. “Brügge”nün üzvü lüt soyunduqdan sonra bədən fiqurasının bəyənildiyini söyləyib: “Qarşılaşmanın ardından mənə qızlardan çoxlu SMS-lər gəlib. Eyni zamanda, həmcinslərimdən də xeyli mesajlar almışam”.

Oyunun baş hakimi Filipp Vinçe isə özünə belə bəraət qazandırıb: “UEFA-nın qaydalarına görə, futbolçu bir rəngli tuman geyinməlidir. Buşşenin iki rəngli tumanda oynamasına icazə verə bilməzdim. Əks təqdirdə, cəzaya məruz qalardım”.
0