Rəşad Sadıqov: Penaltiyə səbəbkar olduğum üçün üzülürəm
17.02.2009 - 11:02
Rəşad Sadıqov: Penaltiyə səbəbkar olduğum üçün üzülürəm
“Topa bilərəkdən əllə toxunsaydım, heç üzümü çevirmədən oyuna müdaxilə edərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

Türkiyənin “Kocaelispor” klubunda çıxış edən 27 yaşlı müdafiəçi Superliqanın son turunda “qazandığı” penaltinin ədalətsizlik olduğunu bildirib. Rəşad Türkiyə mətbuatına açıqlamasında sabiq komandası “Kayserispor”u məğlub etməli olduqlarını düşünür: “Oyunda hər şey düşündüyümüz kimi gedirdi. Hakimin penalti qərarı verdiyi epizodda refleksi olaraq, üzümü topdan qaçırtdım. Belə olan halda, top əlimə çarpdı. Bunu qəsdən etməmişəm. İstənilən halda, hadisəyə səbəbkar olduğum üçün çox üzülürəm. Hakim çox səhv qərar verdi və komandamızın əzmini qırdı. Son saniyələrdə buraxdığımız qol anında diqqətimiz dağınıq idi. Kim nə deyir desin, biz sonadək savaşacağıq və komandamızı Superliqada saxlayacağıq”.

Qeyd edək ki, “Kocaelispor” “Kayserispor”la öz meydanında keçirdiyi matçda 1:2 hesabı ilə uduzub.
0