Portuqaliyalılar “Xəzər-Lənkəran”ı yox, “Neftçi”ni tanıyırlar
17.02.2009 - 11:58
Portuqaliyalılar “Xəzər-Lənkəran”ı yox, “Neftçi”ni tanıyırlar
Portuqaliya statistikləri apardığı araşdırmaların nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, pireneylilər Avropa ölkələrində top qovan həmyerlilərini və onların vurduğu qolları hesablayıb.

Portuqaliyalı futbolçular çıxış etdikləri ölkələrin güclülər dəstəsində, ümumilikdə 156 qol vurmağı bacarıblar. Söhbət cari mövsümün arxada qalan hissəsindən və “yaz-payız” sistemi ilə keçirilən birinciliklərin yekunundan gedir. Onlar daha çox Kipr və İngiltərədə qol sevinci yaşayıblar – müvafiq olaraq, 40 və 18 top. Qitənin 16 ölkəsinə səpələnən portuqaliyalılar bu çempionatların yalnız ikisində fərqlənə bilməyib.

Kriştianu Ronaldonun həmvətənlərinin fəth edə bilmədiyi bu iki çempionatdan biri Azərbaycan Premyer Liqasıdır. Ölkəmizə oynamaq üçün ayaq basan yeganə portuqaliyalı “Xəzər-Lənkəran”da çıxış edən Renato Keyruşun qol vurmamağını vurğulayan həmkarlarımız onu tanıdıqları yeganə komanda - “Neftçi”nin oyunçusu kimi qələmə verib. Azərbaycanla yanaşı, Danimarkada da fərqlənə bilməyən Ronaldonun həmvətənlərinin ikisi həmin ölkədə çıxış edir. Keyruşun düşə bilmədiyi bombardirlərin siyahısına isə Ronaldonun başçılıq edir. “Mançester Yunayted”in legioneri 11, Rusiyada çıxış edən Danni isə 10 dəfə rəqiblərini məyus edib.
0