“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi proqnoz verdi
17.02.2009 - 12:24
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi proqnoz verdi
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Viktor Pasulko UEFA kuboku üçün proqnoz verib. Apasport.az saytının məlumatına görə, 48 yaşlı ukraynalı mütəxəssis Rusiyanın “Zenit” və Almaniyanın “Ştutqart” klublarının 1/16 final mərhələsi oyununda şansları dəyərləndirib.

Pasulko həm Rusiyada (“Spartak”, Moskva), həm də Almaniyada (“Fortuna”, Köln) oynadığı üçün hər iki ölkənin futboluna yaxından bələddir. Uzun müddətdir Almaniyada yaşayan “Xəzər-Lənkəran”ın sabiq çalışdırıcısı milli komandamızın baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında Avropa çempionu olmuş Markus Babbeli tərifləyib: “Ştutqart”ı çalışdıran bu mütəxəssis yaxşı psixoloq kimi özünü göstərdi. Hər bir futbolçuyla dil tapmaqla, qısa müddət ərzində döyüşkən kollektiv yaradıb. Bununla onun artıq özünü təsdiqləmiş mütəxəssis olduğunu demək tezdir. Ancaq Babbelin “Ştutqart”ı böhrandan çıxarması faktdır və komanda hazırda yüksəlişdədir. “Zenit”ə gəlincə, bu komandanın daha çox Andrey Arşavindən asılı olduğunu deməzdim. Komanda Arşavinsiz də bir sıra mühüm oyunlarda qələbə qazanıb. Yaxşı balanslaşmış heyətə malik “Zenit”də gözəl ifaçılar çoxdur. Fikrimcə, potensialına görə Rusiya futbolunda ən yaxşı oyunçulardan biri saydığım Danni də artıracaq. Ancaq əlbəttə ki, Arşavini yüz faiz əvəzləmək mümkün olmayacaq”.

“Ştutqart”ın mərhələ keçmək şansı daha yüksək qiymətləndirən Pasulko fikrini belə əsaslandırıb: “Ştutqart” Bundesliqada keçirdiyi son üç oyundan ikisində qələbə qazandığı üçün yaxşı psixoloji durumdadır. “Zenit”in isə hansı vəziyyətdə olduğunu bilmirəm. Məntiqlə “Ştutqart” mərhələ adlamalıdır. Hər halda, “Zenit” çətin ki lazımı sürət yığa bilsin. Fikrimcə, şanslar 55-45-nin Almaniya klubunun xeyrinədir”.

Qeyd edək ki, Pasulko 2005/06 mövsümünün ikinci yarısında “Xəzər-Lənkəran”ın sükanı arxasında olub. Onun vaxtında komanda çempionatda heç bir oyunda uduzmayıb. Yeganə məğlubiyyəti (0:3) “Karvan”la Yevlaxda keçirilən cavab yarımfinal oyununda alan Pasulko kubokda nəticə qazana bilməyib və mövsüm bitəndən sonra istefaya göndərilib.
0