“Vladislav Qədirovla bağlı qərarımızı vermişik”
18.02.2009 - 15:11
“Vladislav Qədirovla bağlı qərarımızı vermişik”
“Komandamızda baş məşqçi məsələsi ilə bağlı gəzən söz-söhbətlərə birdəfəlik son qoymaq istəyirik. Biz Vladislav Qədirovla işimizi davam etdirəcəyik”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Onun sözlərinə görə, Nadir Qasımovun qış fasiləsində kluba məsləhətçi kimi dəvət olunması baş məşqçi dəyişikliyinə hesablanmayıb: “Belə bir praktika hər yerdə var. Nadir Qasımovun komandaya dəvət edilməsi ilə bağlı Vladislav Qədirovla söhbətimiz olmuşdu. İstəyirik ki, həm Qədirov, həm də futbolçular bu mütəxəssisin təcrübəsindən yararlansınlar. Ancaq bu, baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırdığımız demək deyil. Komandamızın hazırkı çıxışına görə Qədirovla vidalaşmaq fikrimiz yoxdur. Biz onu ötən ilin iyulunda, komandamızın Premyer Liqada oynayacağı hələ məlum olmayan zamanı baş məşqçi təyin etmişik. Mövsümə tam hazır olmamağımız, heyətdəki böyük dəyişikliklər öz sözünü deyir. 14 futbolçu ilə yollarımızı ayırmalı olduq, onların yerinə gələnlər üçünsə anlaşma baxımından vaxt lazımdır”.
0