Berti Foqts: Moskvadakı görüşdə hər şey mümkündür
23.02.2009 - 17:25
Berti Foqts: Moskvadakı görüşdə hər şey mümkündür
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün jurnalistlərlə görüşündə Premyer Liqanın oyunları, yığma üzvlərinin durumu və Rusiya yığması ilə qarşılaşma barədə danışıb

- Azərbaycan Premyer Liqasının son turunun matçlarını izləmisiniz. Həmin oyunlarda diqqətinizi cəlb edən futbolçular oldumu?
- Ölkə çempionatında çox gözəl “Bakı” komandası gördüm. Bundan başqa, start heyətində 9 azərbaycanlı futbolçunun yer aldığı “Qarabağ”ın oyunu da məni sevindirdi.

- “Qarabağ”ın hücumçusu, “Olimpik”lə görüşdə yeganə qolun müəllifi Zaur Ramazanov barədə nə fikirdəsiniz?
- Bir qol yığmaya çağırılmaq üçün kifayət deyil. Futbolçuya qaçmaq lazımdır, futbol qaçış idmanıdır.

- Zaur Ramazanovun konkret hansı cəhətlərindən narazısınız?
- Bunu Zaur özü bilər. O, beynəlxalq oyunlar üçün hansı cəhətinin çatışmadığını yaxşı anlayır.

- Milli komandamız martın 2-dən 5-dək Almaniyada təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi çərçivəsində yoldaşlıq görüşü nəzərdə tutulubmu?
- Almaniyada bir yoxlama matçı oynayacağıq.

- Rəqib hansı komanda olacaq?
- Almaniya klublarından biri ilə qarşılaşacağıq.

- Bu ay Dubayda keçirilmiş təlim-məşq toplanışından sonra dünya çempionatının seçmə mərhələsində Rusiya ilə oyun üçün start heyətini müəyyənləşdirdiyinizi bildirmişdiniz. İndi həmin futbolçuların adlarını açıqlamağınız mümkündür?
- Mən Rusiyaya qarşı kimin oynayacağını bilirəm, amma bunu sizə deməyəcəyəm. Çünki bunu deyən kimi, siz ruslara məlumat verəcəksiniz.

- Maraqlıdır, nəyə görə uzun fasilədən sonra Zaur Tağızadəni yığmaya dəvət etdiniz?
- Onu milli komandaya çağırmamışıq.

- Çağırmamısınız? “Neftçi”nin kapitanı Zaur Tağızadəni nəzərdə tuturuq?
- Bir şərtlə onu Almaniyaya aparardım: əgər öz klubunda oynasaydı. Ancaq Premyer Liqanın son turunda Zaur forma geyinmədiyi üçün yığmanın heyətində uzaqlaşdırılıb.

- “İnter”in iki gənc futbolçusu Elvin Məmmədovla Cavid Hüseynova dəvət göndərməmisiniz. Buna səbəb nədir?
- Mən onlara fikirləşməyə vaxt vermişəm. Hər iki oyunçu əsas problemin nədən ibarət olduğunu bilir. Onlardan nəyə görə narazı qaldığımı mətbuata açıqlamayacağam.

- Martın 28-də Moskvada Rusiya ilə görüşdə hansı nəticə sizi razı salacaq?
- Orada hər şey mümkündür. Futbol 90 dəqiqə oynanılır. Rusiya güclü rəqibdir. Qeyd edim ki, biz düzgün yoldayıq, yığmanın səviyyəsini yüksəltmək üçün apardığımız işlər qaydasındadır. Hər şeyi martın 28-də görəcəyik.

- Milli komandamız son oyunlarda hesabı açsa da, qələbə qazana bilmir. Bunu nə ilə izah edərdiniz?
- Çünki biz cavan komandayıq. Yaxşı heyət qurmaq məqsədilə işlər aparırıq. Bizə 3-4 il vaxt lazımdır ki, güclü kollektiv hazırlayaq, gələcəkdə qələbə qazanaq.

- Yığmamızın hücumçusu Branimir Subaşiç özünə yeni klub tapa bilmir. Ona nə məsləhət görərdiniz?
- Bununla bağlı məsləhət verə bilmərəm. Subaşiç peşəkar futbolçudur, özü qəti qərara gəlməlidir. Həm də onun “Srvena Zvezda” ilə müqaviləsinin müddəti başa çatmayıb.

- Onun milli komandaya çağırılmamaq ehtimalı var?
- Rusiya ilə oyun öncəsi bir həftə təlim-məşq toplanışı keçəcəyik. Subaşiçi məşqlərdə sınayacağıq və onun məsul matça çağırılıb-çağırılmaması məsələsi həllini tapacaq.
0