Fərid Mondraqon Azərbaycana futbolçu göndərəcək
23.02.2009 - 18:19
Fərid Mondraqon Azərbaycana futbolçu göndərəcək
“Bülənt Korkmazın Azərbaycana səfəri həm “Bakı”, həm də özü üçün düşərli oldu. Biz “Neftçi”ni məğlub etdik, Bülənt geri qayıdandan sonra “Qalatasaray”ın baş məşqçisi təyin olundu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar deyib.

Afşarın sözlərinə görə, 21 illik futbolçu karyerasında yalnız “Qalatasaray”da çıxış edən Bülənt Korkmazın doğma komandasını çalışdırmaq variantı ölkəmizə səfər edənə qədər varmış: “Büləntin geri qayıdandan sonra prezident Adnan Polatla görüşü nəzərdə tutulmuşdu. “Qalatasaray” rəhbərliyi baş məşqçi postunu Korkmaza tapşırmaq fikri var idi. Mixael Skibbe istefaya göndərildikdən sonra bu təyinat reallaşdı. Baş məşqçi postunu iki namizəd var idi ki, bunlardan biri Bülənt, digəri Georgi Hacı idi”.

Vitse-prezident bildirib ki, Büləntlə hələ bir müddət əvvəl “Bakı”ya bir sıra məsələlərdə öz köməyini göstərməsi danışılıb: “Biz Büləntin özü ilə Bakıda olduğu zaman bunu müzakirə etdik. Belə ki, “Qalatasaray”da bir yerdə oynadığı kolumbiyalı qapıçı Fərid Mondraqon onun dostudur. Bizim də Kolumbiyadan gənc, perspektivli futbolçular gətirmək planımızda var ki, Korkmazın vasitəçiliyi ilə Mondraqon bu işdə bizə yardımçı olur. Bundan əlavə, Cənubi Amerikada təlim-məşq toplanışı keçirmək haqda da götür-qoy edirik. Bu ilin mayında isə Qubada futbol festivalı keçirmək istəyirik. Orada Olimpiya Kompleksində bunun üçün lazımı şərait var. Futbol festivalını gənc, əvəzedici komandalar arasında keçirməyi, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi klublarının planlaşdırmışıq. Klubumuzun prezidenti Hafiz Məmmədovla bunu müzakirə etdikdən sonra layihəni reallaşdıracağıq”.

Afşar həmyerlisinin təyinatından sonra “Bakı” ilə “Qalatasaray” arasında əməkdaşlığın perspektivinə də toxunub: “Gələcəkdə bu komanda ilə yoldaşlıq görüşü keçirmək planımızda var. Korkmazın “Qalatasaray”ın baş məşqçi olması bunun reallaşmasına öz müsbət təsirini göstərəcək. Əslində bu, bizim üçün ciddi problem deyil. Lazım olsa, bunu reallaşdırarıq. Sadəcə, buna münasib vaxt lazımdır”.
0