111 günlük fasiləyə son: Ölkə kuboku start götürür
24.02.2009 - 12:38
111 günlük fasiləyə son: Ölkə kuboku start götürür
Azərbaycan Premyer Liqasının ardınca, ölkə kuboku uğrunda da fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, 111 günlük fasilədən sonra sabah kubok yarışlarının startı veriləcək. Əslində, təqvimə əsasən ¼ final mərhələsinin ilk oyunları martın 4-də və 5-də keçirilməli idi. Ancaq milli komandamızın martın 2-dən 5-dək Almaniyada təlim-məşq toplanışı keçməsi ilə kubok matçları bir həftə ertələndi.

¼ final cütlərində qüvvələr nisbətinin demək olar bərabər olması, oyunların gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini deməyə əsas verir. “Qəbələ” ilə “Olimpik” və “İnter”lə “Simurq” ilk dəfə kubokda görüşdüyü halda, “Qarabağ”la “Neftçi” və “Xəzər-Lənkəran”la “Bakı” bu turnirdə münasibətlərini əvvəllər ayırd edib.

Premyer Liqada uğursuz çıxış edən “Qəbələ” ilə “Olimpik”in qitə miqyaslı turnirə çıxmaq üçün əsas ümidi ölkə kubokuna bağlandığı desək, yanılmarıq. Bundan əlavə, komandaların baş məşqçilərinin bir-biri ilə yaxından tanışlığı da oyunun prinsipiallığını artırır. “Qəbələ”nin çalışdırıcısı Ramiz Məmmədov “Olimpik”in sükanı arxasında olan həmkarı Əsgər Abdullayevin rəhbərliyi altında oynayıb. Bu, həm klub, həm də yığma səviyyəsində olub. Abdullayev məşqçilik karyerasında ilk titulu – 2000-ci ildə “Şəfa” ilə ölkə kubokunu qazandığı zamanı komandanın kapitanı məhz Məmmədov idi. Məşqçilik dönəmində tələbə - müəllim qarşıdurmasında həmişə qələbə qazanan isə Abdullayev olub.

Tarixində ilk dəfə kubokun ¼ finalına yüksələn “Simurq”u arzuolunmaz rəqiblə sınaq gözləyir. Roman Pokoranın çalışdırdığı komanda heç vaxt məğlub edə bilmədiyi “İnter”i mübarizədən kənarlaşdırmalıdır. Son Azərbaycan çempionunun baş məşqçisi Valentin Xodukinin də Pokora kimi ukraynalı olduğunu nəzərə alsaq, Azərbaycanda növbəti Ukrayna derbisini izləmiş olacağıq.

Tarixində ən zəif mövsümünü keçirən “Neftçi” avrokuboklara çıxmaq üçün bütün ümidlərini ölkə kubokuna bağlayıb. Bunun üçün flaqman əzəli rəqiblərindən olan “Qarabağ” səddini keçməlidir. Həmin “Qarabağ” ki, onun baş məşqçisi “Neftçi”nin keçmiş çalışdırıcısı Qurban Qurbanovdur və heyətində “ağ-qaralar”ın bir sıra sabiq oyunçuları çıxış edir. Bunlar Fərhad Vəliyev, Aftandil Hacıyev, Namiq Yusifov, Elnur Allahverdiyev, Rəşad Sadiqov və Aslan Kərimovdur. Sözsüz ki, bu futbolçular arasında Rəşadla Elnuru xüsusilə qeyd etməliyik. Axı “Neftçi”nin baş məşqçisi Hans-Yurgen Gede onları hələ ilk dövrənin ortasında komandadan kənarlaşdırıb. İndi Sadiqovla Allahverdiyev alman mütəxəssisə özlərini sübut etməlidirlər.

Qurbanov “Neftçi”ni çalışdırdığı vaxtda, yəni 2006/07 mövsümündə “Qarabağ”la kubokda görüşüb və bu sınaqdan üzüağ çıxıb. Maraqlıdır, 37 yaşlı mütəxəssis “Qarabağ”la da bu uğura nail ola biləcəkmi?

Qeyd edək ki, ölkə kubokunun son iki mövsümünün qalibi “Xəzər-Lənkəran” olub. Lənkəran təmsilçisi ardıcıl üçüncü mövsüm yarımfinala çıxmaq üçün çempionluğa ən real namizədlərdən olan “Bakı”nı yenməlidir. Paytaxtın eyniadlı komandası isə 2005-ci ildə ölkə kubokuna sahib çıxıb.

Azərbaycan kuboku, ¼ final mərhələsi

25 fevral

14:00: “Qəbələ” – “Olimpik”

Baş hakim: Anar Salmanov
Qəbələ. Şəhər stadionu.

14:00. “Qarabağ” – “Neftçi”
Baş hakim: Fariz Yusifov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

15:00. “İnter” – “Simurq”
Baş hakim: Anar Niyazov
Bakı. “Şəfa” stadionu

18:00. “Xəzər-Lənkəran” – “Bakı”
Baş hakim: Babək Quliyev
Lənkəran. Mərkəzi şəhər stadionu

Cavab oyunları martın 11-də və 12-də baş tutacaq.
0