Vladislav Qədirov: Mən çoxdan istefa vermək istəyirdim, amma...
25.02.2009 - 13:44
Vladislav Qədirov: Mən çoxdan istefa vermək istəyirdim, amma...
“Komandadan narazılıqla yox, öz istəyimlə getmişəm”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçisi postundan istefa verən Vladislav Qədirov deyib. Onun sözlərinə görə, uğursuz çıxış edən komandada baş məşqçi dəyişikliyi labüd idi: “İkinci dövrəyə uğursuz başladıq. Ardıcıl ikinci oyunda uduzduq. Bundan sonra belə qərara gəldim ki, getmək lazımdır və istefa ərizəmi yazdım. Komanda uğursuzluğa düçar olursa, dəyişikliyə ehtiyac yaranır. Hər halda, belə vəziyyətdə baş məşqçi getməlidir. Mən də bunu nəzərə alaraq, qərarımı verdim. Klub rəhbərliyi ilə halallıqla ayrıldıq”.

Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin startına az qalmış “Muğan”ın məşqçilər korpusunda yer alan Nadir Qasımov kluba məsləhətçi təyin olundu. Ancaq 39 yaşlı Qədirov gedişini vaxtilə rəhbərliyi altında oynadığı Qasımovla bağlamır: “Muğan”dan ona görə getmədim ki, komandaya Nadir Qasımov dəvət olunub. İstefamı onun gəlişi ilə əlaqələndirmirəm. Sadəcə, dediyim kimi, komanda məğlubiyyətləri sıralayanda dəyişiklik zəruridir. Əslində, mən hələ qış fasiləsində getmək istəyirdim. Ancaq klub rəhbərliyi ilə belə söhbətimiz oldu ki, fəaliyyətimi davam etdirim. İndi isə getməyi lazım bildiyimdən, qərarımı dəyişmədim”.

Qeyd edək ki, futbolçu karyerası vaxtı 1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında Avropa çempionu olan Qədirov ötən ilin iyulunda komanda hələ NBC adlanan dövrdə baş məşqçi təyin olunub. Salyan təmsilçisini 17 oyuna çıxaran gənc mütəxəssis bunların 15-də Premyer Liqa, 2-də kubok matçının iştirakçısı olub. Qədirovun vaxtında cəmi bir qələbə qazanan komanda 2 oyunda heç-heçə edib, 14 matçda uduzub. Premyer Liqada debüt mövsümünü keçirən “Muğan” 9 qol vurub, 30-u buraxıb və hazırda turnir cədvəlində 12-ci yerdədir.
0