“Muğan” klubunun vitse-prezidenti: Yeni baş məşqçimiz yerli olacaq
25.02.2009 - 14:51
“Muğan” klubunun vitse-prezidenti: Yeni baş məşqçimiz yerli olacaq
“Komandanın çıxışına ilk növbədə baş məşqçi cavabdehdir. Dünyanın hər yerində belədir. Vladislav Qədirov istefa verdi və biz də bunu qəbul etdik”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Azərbaycan Premyer Liqasında debüt mövsümünü keçirən “Muğan” ikinci dövrəyə ardıcıl iki məğlubiyyətlə başladıqdan sonra Vladislav Qədirov istefa verib. Şirəliyev 39 yaşlı mütəxəssisin öz üzərində çalışmasının vacibliyini bildirib: “Qədirovu ötən ilin iyulunda baş məşqçi təyin edərkən komanda hələ birinci divizion təmsilçisi idi. Sonradan isə məlum oldu ki, Premyer Liqada çıxış edəcəyik. Bu iki yarış arasında isə fərq böyükdür. Biz Qədirova şans vermişdik və onun öz üzərində çalışmasını istəyirdik. Hər halda, indi bunun üçün hər cür şərait, məşqçilik kursları var. Qədirov da gördü ki, təcrübəsi yetərli deyil. Baş məşqçi ilə uzun müddət çalışmaq istəyirik. Ancaq Qədirovun dövründə komandanın çıxışı, nəticə bizi qane etmirdi. Biz ilk dövrədə İqor Ponomaryovu Qədirovun təşəbbüsü ilə dəvət etmişdik. Ancaq həmin vaxt Ponomaryovla konkret hansı vəzifə ilə yox, ümumi futbolun inkişafı ilə bağlı söhbətləşmişdik”.

Yeni baş məşqçi axtardıqlarını deyən vitse-prezident bu məsələnin yaxın günlərdə həll ediləcəyini bildirib. Şirəliyev qış fasiləsində kluba məsləhətçi kimi dəvət olunan Nadir Qasımovun taleyinə də aydınlıq gətirib: “Baş məşqçi postunu müvəqqəti ona tapşırmışıq. Qarşıdakı turda “Turan”la ev oyununa komandanı Nadir Qasımov çıxaracaq. Onun baş məşqçi təyin edilməsinə gəlincə, hər şey ola bilər. Ancaq biz hələ ki baş məşqçi axtarışındayıq. Həm yerli, həm də əcnəbi mütəxəssisləri nəzərdən keçiririk. Ancaq yəqin ki, yeni baş məşqçimiz də yerli olacaq. Çox güman yeni çalışdırıcımızla bağlı məsələ “Turan”la oyundan sonra həllini tapacaq. İstənilən halda, Qasımov klubumuzda qalacaq”.
0