Berti Foqts uduzduğu oyunun nəticəsindən razı qaldı
04.03.2009 - 23:11
Berti Foqts uduzduğu oyunun nəticəsindən razı qaldı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun AFFA-nın rəsmi saytına müsahibəsi

- İlk olaraq oyun barədə fikirlərinizi bilmək istərdik.
- Mənim üçün əsas təlim-məşq prosesidir. “Ayntraxt”a qarşı oyun mənim üçün o qədər də vacib deyildi. Amma buna baxmayaraq, oyunun nəticəsi məni qane etdi. Çünki birinci hissənin ilk 20 dəqiqəsindən sonra komanda yaxşı, təşkilatlanmış futbol oynadı. Yığmanın üzvlərinə Bundesliqada çıxış edən futbolçulara qarşı oynamaq çox vacib idi. Çünki Küveyt və Özbəkistanla görüşlərlə müqayisədə oyunun tempində böyük fərqlər var idi.

- Məğlubiyyətimizin əsas səbəbi nə oldu?
- Rəqib tam başqa səviyyəli oyun nümayiş etdirdi. Beynəlxalq səviyyəli qarşılaşmalarda səhv buraxmaq olmaz.

- Razı qaldığınız və qalmadığınız futbolçular oldumu?
- Mən futbolçularım barədə mətbuata açıqlama verməyi sevmirəm. Bununla belə, qeyd edim ki, ilk 20 dəqiqədən sonra bütün futbolçular yaxşı oynadılar. Özləri də bunu gördülər. Bu oyun futbolçularım üçün yaxşı dərs oldu.

- Sürətli futbol oynayan komandaya qarşı oyunda futbolçuları sınayacağınızı demişdiniz. Futbolçular yüksək templi oyuna hazırdırlarmı?
- Hazırkı məqamda onlar bu cür oyunlara tam hazır deyillər. Növbəti təlim-məşq toplanışı martın 16-dan 19-na qədər Bakıda keçiriləcək. Hesab edirəm ki, həmin toplanışdan sonra onlar buna hazır olacaqlar.

- Təlim-məşq toplanışı barədə fikriniz necədir?
- AFFA rəhbərliyinə minnətdarlıq edirəm ki, bizə belə şərait yaradıblar. Bu toplanış həm biz məşqçilərə, həm də futbolçulara böyük xeyir verdi. Bundan başqa Azərbaycanda işləyən klub məşqçilərinə də futbolçularını yığmaya buraxdıqlarına görə minnətdaram.

Qeyd edək ki, Almaniyada təlim-məşq toplanışı keçirən Azərbaycan yığması Frankfurt şəhərində yerli “Ayntraxt”la yoldaşlıq görüşündə 0:1 hesabı ilə məğlub olub. Bu oyunda almaniyalı mütəxəssis bu futbolçuların xidmətindən yararlanıb:

Fərhad Vəliyev (Rauf Mehdiyev), Saşa Yunisoğlu, Ernani Pereyra (Sergey Sokolov), Mahir Şükürov, Rail Məlikov, Aqil Nəbiyev, Tural Cəlilov (Aleksandr Çertoqanov), Rahid Əmirquliyev, Vüqar Nadirov, Fabio Luis Ramim, Vaqif Cavadov (Leandro Qomeş)

0