Futzal Federasiyasının prezidenti: Portuqaliyaya vəsiqə dalınca gedirik - MÜSAHİBƏ
05.03.2009 - 15:52
Futzal Federasiyasının prezidenti: Portuqaliyaya vəsiqə dalınca gedirik - MÜSAHİBƏ
Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ölkə birinciliyi, milli komandamızın Avropa çempionatının əsas seçmə mərhələsində hazırlığı, bu turnirə çıxış etmək perspektivi haqda fikirlərini bildirib.

- Söhbətə futzal üzrə ölkə çempionatından başlayaq. Artıq bu yarışda əyalət təmsilçisi də iştirak edir. Bu, ölkə birinciliyinə marağı artırıbmı?
- Hazırda Azərbaycanda futzal inkişaf dövrünü yaşayır. Artıq birincilikdə konkret hansısa favorit yoxdur. Bir neçə komanda medallar uğrunda mübarizə aparır. Hazırda dörd iddialı klub var: “Araz”, “Neftçi”, “Azmetko” və “Ekol” . Çempionat oyunlarını izləyən azarkeşlərin sayı artır.

- Azarkeşlərin oyunlara daha çox gəlməsi üçün hansı tədbirlər görülür?
- Biz artıq hər turun oyunlarını bazar gününə salırıq. İstirahət günü olduğundan daha çox tamaşaçı gəlir. Bir də yığmanın qazandığı nəticələr də böyük rol oynayır. Biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazansaq, ölkə çempionatına azarkeşlər daha çox gələcəklər.

- Bildiyiniz kimi, Azərbaycan millisi martın 19-dan 22-dək Portuqaliyanın Vyana do Kaştello şəhərində Avropa çempionatının əsas seçmə mərhələsində iştirak edəcək. Komandamızın bu turnirə hazırlığı necə gedir?
- Martın 1-də ölkə çempionatının növbəti turunun oyunlarından sonra futzalçılarla görüşlər keçirdik. Gördük ki, onların əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Çempionat matçlarından sonra futzalçıların yorğun olduğunu nəzərə alıb, onlara istirahət verdik. Milli komanda martın 6-da yenidən yığışacaq və gündə iki dəfə məşq edəcək. Martın 17-nə qədər iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu gün Murad Xaybullayev Bakıya gələcək. Martın 7-də Vitali Borisov və Andrey Tveryankin, 9-da Rəcəb Fərəczadə, 11-də isə Qətərdə oynayan Andre de Kampos milliyə qoşulacaq. Bundan sonra milli tam heyətlə məşq edəcək.

- Yoldaşlıq oyunlarının hansı komandalarla keçirilməsi nəzərdə tutulub?
- Bir neçə güclü klubumuz var. “Ekol”, “Neftçi” və “Azmetko” kimi səviyyəli komandalarla qarşılaşmaq istəyirik. Hələlik bu istiqamətdə danışıqlar gedir.

- Rəqiblər barədə fikriniz necədir?
- Finlandiya ilə son 2 ildə iki dəfə qarşılaşmış və qələbə qazanmışıq. Polşada da futzal güclənib. Onların oyunları olan kasetləri artıq əldə etmişik. Portuqaliya yığması isə qrupun favoriti sayılır. Bu komandanın heyətinə iki güclü futzalçı dəvət olunub. Lakin biz də sona qədər mübarizə aparacağıq.

- Avropa çempionatında əsas seçmə mərhələdəki 7 qrupun qalibi və ikinci yeri tutmuş ən yaxşı nəticə göstərən 4 komanda, həmçinin təşkilatçı ölkənin milli komandası mübarizə aparacaq. Bu amil yığmamızın da şansını artırır...
- Elədir, lakin biz bundan heç də arxayınlaşmırıq. Çünki millimiz Portuqaliyaya qələbə üçün gedəcək. Komandamız yalnız qrup lideri olmaq üçün oynayacaq. İstəyirik təsdiqləyək ki, Azərbaycan Avropanın ən güclü futzal ölkələrindən biridir.

- Toplanış üçün sizə lazımi şərait yaradılıbmı?
- Təlim-məşq toplanışı zamanı milli AFFA-nın Futbol akademiyasında qalacaq. Bundan başqa, bütün sahələrdə də assosiasiya bizə yüksək şərait yaradıb. Fürsətdən istifadə edib buna görə AFFA rəhbərliyinə təşəkkür edirik.

- Səfər planınız məlumdurmu?
- Martın 18-də səhər komanda Vyana do Kaştello şəhərinə yola düşəcək. Mən isə bir gün sonra Portuqaliyaya gedəcəyəm.

- Millimiz ötən seçmə mərhələdə də yaxşı oynadı. Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlsək də, final mərhələsinə çıxa bilmədik. Bu dəfə uğursuzluğa son qoya biləcəyikmi?
- Biz həmin vaxt növbəti mərhələyə vəsiqəni son anda əldən verdik. Son illər ərzində rəqiblər hər dəfə bəxt sayəsində bizə qalib gəlirlər. Lakin bu dəfə hadisələrin başqa cür cərəyan edəcəyinə inanıram. Bilirsiniz, bizim indiki kimi güclü heyətimiz olmayıb. Düzdür, Vitali Borisov cəzalı olduğu üçün ilk iki oyunda iştirak etməyəcək. Ona çox güvənirdik. Buna baxmayaraq, onu əvəzləyəcək futzalçımız var. Belə ki, Tyaqo onun mövqeyində oynayacaq və inanıram ki, Borisovun yoxluğunu hiss etdirməyəcək. Əminəm ki, bu dəfə final mərhələsinə vəsiqə qazanacağıq.

- Millimizin İkinci Bakı Beynəlxalq Futzal Turnirində iştirakı seçmə mərhələdə uğur qazanmağa nə dərəcədə təsir edəcək?
- Bu turnir yüksək səviyyədə təşkil olunmuşdu. Düzdür, bəzi futzalçılar o yarışa qatıla bilmədilər. Buna baxmayaraq, həmin turnir bizə çox fayda verdi. Baş məşqçi bir çox futzalçıları sınaqdan keçirdi. Futzalçılar onlara yaradılan şəraiti görürlər və bu qayğının cavabının uğur qazanmaq olduğunu yaxşı bilirlər. Buna görə də Portuqaliyada keçiriləcək hər oyunda meydanda var qüvvələrini qoyacaqlar.
0