Nəsibov Fatih Təkkənin həkiminin yanına gedir
05.03.2009 - 17:37
Nəsibov Fatih Təkkənin həkiminin yanına gedir
Zaqatalanın “Simurq” klubunun futbolçusu Ramin Nəsibov Türkiyədə əməliyyat olunacaq. Apasport.az saytının məlumatına görə, Gürcüstanda keçirilən təlim-məşq toplanışında zədələnən 30 yaşlı hücumçunu İstanbulun "Acıbadəm" klinikasında məşhur cərrah Ömər Taşar əməliyyat edəcək.

Əvvəlcə futbolçunun cərrah müdaxiləsinə ehtiyac olmadığı söylənilsə də, Raminin sol ayağının xaçvari bağları qırıldığından əməliyyat qaçılmaz olub. Nəsibovun Ukraynaya göndəriləcəyi planlaşdırılsa da, klub rəhbərliyi sonda Türkiyə variantına üstünlük verib.

İndiyədək dəfələrlə müxtəlif ölkədən olan futbolçuların belə zədələrini sağaldan Taşar Türkiyənin ən məşhur həkimlərindən hesab olunur. Karyerası ərzində minlərlə əməliyyat keçirən cərrah tanınmış türkiyəli oyunçular Fatih Təkkə, Gökdəniz Karadəniz, Azərbaycan yığmasının keçmiş üzvü Samir Əliyev və digərlərini də ayağa qaldırıb.

Bu gün gecə saatlarına İstanbula yollanacaq futbolçunun özü də əməliyyatın uğurlu keçəcəyinə inanır. “Simurq”un rəsmi internet saytına açıqlamasında Nəsibov tezliklə sıraya dönəcəyini bildirib: "Ömər Taşarı bütün dünyada tanıyırlar. Futbolçu dostlarım, mənim kimi zədələri olan məşhur oyunçular əməliyyat üçün məhz onun yanına gedirlər ki, bu da həkimin də biliyinə şübhə olmadığını göstərir. Yoldaşlarımdan biri ağır zədə almasına rəğmən, Taşarın əməliyyatından cəmi 3 ay sonra rəsmi oyunlarda meydana çıxırdı. Klub rəhbərliyinə minnətdaram ki, məhz "Acıbadəm" klinikasını və Taşarı məsləhət bildilər. İnanıram ki, əməliyyat uğurlu keçəcək və tezliklə sıraya dönüb "Simurq"a kömək edə biləcəm".

Qeyd edək ki, sabah İstanbulda olacaq Raminin əməliyyatdan bir neçə gün sonra Azərbaycana dönəcəyi gözlənilir.
0