Yunis Hüseynov: “Standard”ın oyunu xoşuma gəlir
07.03.2009 - 00:08
Yunis Hüseynov: “Standard”ın oyunu xoşuma gəlir
“Standard”la oyunun mənim üçün prinsipial əhəmiyyəti yoxdur. Mən keçmiş komandalarıma qarşı xüsusi köklənmirəm”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində “Standard”ın qonağı olacaq Yevlax təmsilçisi hazırlığı Bakıda davam etdirir. Hüseynov sabah “Şəfa” stadionunda keçiriləcək görüşə ciddi hazırlaşdıqlarını söyləyib: “Bu, keçmiş komandamla görüşməyimlə bağlı deyil. Hər bir rəqiblə olduğu kimi, “Standard”la oyuna da ciddi hazırlaşırıq. Yaxşı oyun üslubuna malik komandadır. Son turda “Qarabağ”ı məğlub etdikləri matçı izlədim. Komandanın qazandığı qələbə mənim üçün gözlənilməz olmadı”.

Hüseynov 2006/07 mövsümünün ilk yarısında çalışdırdığı “Standard”la indiki “Standard”ı müqayisə etmək istəməyib: “Mənim vaxtımda komanda başqa oyun nümayiş etdirirdi, indi başqa. Hər bir məşqçinin öz oyun üslubu, taktikası var. Baş məşqçisi Badri Kvaratsxeliya ilə bir yerdə oynamasam da, onu yaxşı tanıyıram. Münasibətlərimiz qaydasındadır. Kvaratsxeliyanın komandasının oyunu xoşuma gəldi. Hər halda, biz “Standard”la matçda qələbə qazanmaq istəyirik. İnşallah, ikinci dövrədə ilk qələbəmizi keçmiş komandam üzərində əldə edirik”.
0