Foqts: Azərbaycanda futbolçular az qazanırlar - MÜSAHİBƏ
07.03.2009 - 11:18
Foqts: Azərbaycanda futbolçular az qazanırlar - MÜSAHİBƏ
Azərbaycan yığmasının Almaniyanın Frankfurt şəhərində keçirilən təlim-məşq toplanışı zamanı Rusiyanın “Sport-Ekspress” qəzetinin əməkdaşı komandamızın düşərgəsində olmuşdu. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarımız baş məşqçi Berti Foqtsdan geniş müsahibə götürüb. Bir neçə gün əvvəl Rusiya mətbuatında ixtisarla dərc olunan söhbət bu dəfə tam şəkildə əks olunub. Foqtsun ixtisarda olmayan fikirlərini təqdim edirik.

- “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçında hansı nəticəni uğurlu sayardınız?
- Yaxşı nəticə əldə etmək istəyirik. Favorit Rusiyadır. Biz sizin komandanın bütün güclü tərəflərini bilirik. Lakin bizim də ən yaxşı keyfiyyətlərimiz ruslara məlumdur.

- Bəs Azərbaycan yığmasının həmin o güclü tərəfləri hansılardır?
- Bunu Rusiya milli komandasının baş məşqçisi müəyyənləşdirməlidir.

- Rusiya ilə Moskvadakı qarşılaşmada yetirmələriniz üçün ən çətin nə olacaq?
- Dünyanın ən güclü komandalarından biri ilə görüşməli olduğumuzu dəfələrlə demişəm. Mən Avropa çempionatının final mərhələsində stadionların tribunalarından Rusiya yığmasının oyununu müşahidə etmişəm. Əgər sizin komanda meydanda çox tez özünəinam hiss edib, sevdiyi hücum tərzində oynayırsa, o dəqiqə hər şey aydın olur. Sizdə möhtəşəm futbolçular var. Onların hər birinin öz üstünlükləri var, üstəlik, dahi məşqçinin rəhbərliyi altında oynayırlar. Bu gün bütün oyunlar çətin olur. Lakin bu səviyyədə rəqibə qarşı bu xüsusi çətin olur.

- Rusiya yığmasının gücünü nədə görürsünüz?
- Hər şeydən əvvəl sürətdə.

- Bəs texnika haqqında nə deyərdiniz?
- Rusiya komandalarının texniki ustalığı həmişə yüksək olub.

- Buna baxmayaraq, psixoloji cəhətdən problemlər heç də az olmayıb...
- Bu mövzuda dərinə getmək istəmirəm. İndi həmin vəziyyətdən çox-çox uzaqsınız. Amma futbolçuları oyuna düzgün kökləmək təbii ki, məşqçinin işidir.

- Hamı Rusiya və Almaniyanı qrupumuzun favoriti sayır. Razısınız?
- Azərbaycan – dəqiq favorit deyil. Bəli, Rusiya ilə Almaniya qələbəyə əsas iddiaçılardır. Əminəm ki, sonda bu iki komanda dünya çempionatına gedəcək.

- Bəs hansı birinci yerin sahibi kimi gedəcək?
- Mümkündür ki, hər şey son turda həll olunacaq. Onda Rusiya yığması elə Azərbaycana gələcək.

- Deyəsən, Bakıda gərgin oyun vəd edirsiniz?
- Yox. Amma biz böyük komandanı qəbul edəcəyik ki, ona ciddi çətinliklər yaratmaq istəyirik.

- İndi Azərbaycan yığmasının ən böyük çətinliyi hansıdır?
- Bizdə problem yoxdur. Mən komandanın fəaliyyəti, federasiyanın təşkilati işlərindən çox razıyam. Bütün bunlar vacibdir. Amma bizə 4-5 il vaxt lazımdır ki, aparıcı Avropa komandalarına çataq.

- Sizin Azərbaycan klublarında legioner sayının məhdudlaşdırılmasının tərəfdarı olduğunuz məlumdur. Niyə?
- Bu təkcə Azərbaycanın problemi deyil. Bu, məsələn, Rusiyada da var. Sizdə limit var. Və FİFA da bunu istəyir. Əks halda, komanda təmsil etdiyi şəhər, ölkə ilə bağlamaq olmaz. Belə olmamalıdır ki, Leninqrad üçün 9 əcnəbi, Azərbaycan klubu üçün 11 legioner oynasın.

- Maliyyə böhranı Azərbaycan yığmasına təsir edir?
- Yox. Bizdə sadə oyunçulardır, az pul qazanırlar. Ümumilikdə, maliyyə çətinliyimiz yoxdur.

- Azərbaycan milli komandasının baş məşqçisi kimi əsas vəzifəniz kimi nəyi görürsünüz?
- Yeni komanda yaradıb onunla layiqli nəticə qazanmaq. Bu komandanın baş məşqçisi olmazdan əvvəl milli federasiyanın prezidenti və baş katibi ilə gözəl söhbətimiz oldu. Söhbət təkcə birinci yığmadan getmirdi. Görünürdü ki, Azərbaycanda futbolun perspektivi, onunla ciddi məşğul olmaq haqda fikirləşirlər. Rəhbərliyin belə yanaşması mənim təklifi qəbul etməyimdə əsas amil oldu. Sonradan dəfələrlə görüşüb Azərbaycanda futbolun uzunmüddətli inkişaf konsepsiyasını hazırladıq. İnanıram ki, bu uğur gətirəcək.
0