Gede “Neftçi”nin baş məşqçisi postundan qovuldu
07.03.2009 - 11:19
Gede “Neftçi”nin baş məşqçisi postundan qovuldu
Almaniyalı Hans-Yurgen Gede “Neftçi”nin baş məşqçisi postundan uzaqlaşdırılıb. Buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir. Belə ki, komandanın uğursuzluq zolağından çıxa bilmədiyini görən klub prezidenti Əkbər Hacıyev bu addımı atmağı zəruri sayıb.

Bu barədə apasport.az saytına məlumat klubun mətbuat xidmətindən verilib. Sabah Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək “Simurq” - “Neftçi” matçına komandanı baş məşqçi qismində Böyükağa Ağayev çıxaracaq.

Maraqlıdır ki, komandanı “Simurq”la birinci dövrədə keçirilən oyuna da Ağayev çıxarmışdı. Həmin vaxt Anatoli Demyanenkonun istefasından sonra bu vəzifəni icra edən təcrübəli mütəxəssis 0:0 hesabı ilə bitən matçın ardından Gedenin köməkçisi kimi fəaliyyətini davam etdirmişdi. Bu dəfə isə Ağayev mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Ötən ilin sentyabrında baş məşqçi təyin olunan və cari mövsümdə “Neftçi”dən kənarlaşdırılan ikinci baş məşqçi olan almaniyalı komandanı 12 çempionat və 3 kubok qarşılaşmasına çıxarıb. Flaqman bu oyunlarda 5 qələbə qazanıb, 4 heç-heçə edib və 6 dəfə məğlub olub. Gedenin yetirmələri 17 top vurub, 14-ü buraxıb.

Qeyd edək ki, avrokuboklardakı uğursuzluğun ardından “Xəzər Lənkəran”dan istefaya göndərilən Ağasəlim Mircavadovu da nəzərə almaqla, Gedenin timsalında cari mövsümün 8-ci istefası gerçəkləşdi.

0