“Neftçi” tarixi ərzində Böyükağa Ağayevin rəhbərliyi altında qol buraxmayıb
07.03.2009 - 13:20
“Neftçi” tarixi ərzində Böyükağa Ağayevin rəhbərliyi altında qol buraxmayıb
Almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin istefasından sonra Böyükağa Ağayevə tapşırılan Bakının “Neftçi” klubu bu mütəxəssisin rəhbərliyi altında qol buraxmayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XVII turunda Zaqatalada “Simurq”la qarşılaşacaq flaqman tarixində 4-cü dəfə 62 yaşlı mütəxəssisin rəhbərliyi altında meydana çıxacaq.

16 il əvvəl ilk dəfə olaraq, müvəqqəti Ağayevə tapşırılan komanda Sergey Kramarenkonun komandanı tərk etməsindən sonra bu addımı atmışdı. 1993-cü ildə komandanı iki oyuna çıxaran mütəxəssis Vaqif Sadıqovun baş məşqçi postundakı debütünə qədər “Neftçi”yə rəhbərlik edib. Ağayevin meydana çıxardığı “Neftçi” mayın 8-də “Turan”la səfərdə 0:0 hesablı heç-heçə edib, 7 gün sonra öz meydanında “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlmişdi.

Cari mövsümün birinci dövrəsində Anatoli Demyanenkonun istefasından sonra “Simurq”la ev matçında komandaya başçılıq edən çalışdırıcının yetirmələri həmin qarşılaşmada da qol buraxmadı – 0:0.

Qeyd edək ki, karyerası ərzində Azərbaycan milli komandası və “Neftçi”də köməkçi-məşqçi işləmiş Ağayev “Kür-Nur”, “Turan”, “Xəzər Universiteti”, U-19 və “Qarabağ”ın baş məşqçisi olub. O, yeganə titulunu ağdamlılarla qazanıb. Mütəxəssis 2005/06 mövsümündə “Qarabağ”la ölkə kubokuna sahib çıxıb. “Neftçi”nin avrokuboklara vəsiqə üçün yeganə yolu da kubokdan keçir ki, Ağayevin komandası burada məhz ağdamlılarla görüşəcək.
0