Rəşad Sadıqov 9 min manata sahib çıxa biləcəkmi?
11.03.2009 - 12:45
Rəşad Sadıqov 9 min manata sahib çıxa biləcəkmi?
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov martın 13-də 9 000 manat qazana bilər. Apasport.az saytının məlumatına görə, “Kocaelispor” klubunun şərəfini qoruyan 27 yaşlı müdafiəçi Türkiyə Superliqasının növbəti turundakı qələbə təqdirində, məhz bu qədər mükafat əldə edəcək.

Məsələ burasındadır ki, “Kocaelispor”un əsas maliyyə dayaqlarından sayılan Böyükşəhər Bələdiyyə rəisi İbrahim Karaosmanoğlu “Fənərbaxça” ilə görüş ərəfəsində pul mükafatlarının məbləğini artırıb. Halbuki, 2009-cu ildə keçirilən bütün matçlar üçün standart qonorar müəyyənləşdirilmişdi - 250 min türk lirəsi (təxminən 68 min manat). İzmit təmsilçiləri hətta səfərdə “Qalatasaray” üzərindəki böyük hesablı qələbədən sonra da bu məbləğdə mükafatlandırılmışdılar. Lakin Karaosmanoğlu qərarını dəyişib. O, mükafatı ikiqat - 500 min lirəyədək artırıb.

Kocaelililərin mükafatı öz aralarında necə böldüklərinə də aydınlıq gəlib. Ümumi mükafat fondu 250 min lirə olan matçlarda hər oyunçu təxminən 10 min qabağa düşüb. “Kocaelispor”un üzvləri “sarı-lacivərdlilər”ə qalib gəlsələr, orta hesabla hərəyə 20 min lirəyə (9 000 manat) sahib çıxacaqlar. Özü də futbolçular mükafatlarını gözləməli olmayacaqlar. Oyunu izləmək üçün stadiona yollanacaq Karaosmanoğlu mükafatı elə orada komandaya verməyə hazırdır, təki “Kocaelispor” qələbə qazansın.

Qeyd edək ki, martın 13-də keçiriləcək “Fənrbaxça” - “Kocaelispor” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
0