Rüstəm Rəhimov cəzalandırılıb
11.03.2009 - 12:57
Rüstəm Rəhimov cəzalandırılıb
Azərbaycanın keçmiş ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov 1991-ci ildə səbəbkarı olduğu böyük qalmaqalı şərh edib. Apasport.az saytının məlumatına görə, 61 yaşlı sabiq referi lent.az-a açıqlamasında SSRİ çempionatının 1991-ci ildə Ukraynanın “Şaxtyor” və Rusiyanın MOİK klubları arasında keçirilmiş oyununda verdiyi qərarın ciddi insidentə səbəb olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, 1990-cı ildə də Donetskdə yerli “Şaxtyor”la MOİK-in oyununu idarə edib. “Şaxtyor”un 1:0 hesablı qələbə qazandığı həmin qarşılaşmada R.Rəhimov MOİK-in futbolçusu İqor Korneyevi meydançadan qovduğunu söyləyib. Bir il sonra iki komanda arasında eyni arenada baş tutmuş oyunu yenə azərbaycanlı hakimlər briqadasına həvalə ediblər. Rüstəm Rəhimovun başçılıq etdiyi briqadada Hakim-İnspertorlar Komitəsinin hazırkı sədri Gülağa Cabbarovla Novil İsmayılov yer alıb. R.Rəhimov böyük qalmaqala səbəb olan epizodu belə xatırlayıb: “Şaxtyor” hesabda 1:0 öndə olduğu vaxt oyunun son dəqiqələrində Donetsk komandasının cərimə meydançasında Korneyevə qarşı kobudluq edildi. Mən də 11 metrlik cərimə zərbəsi təyin etdim. Bundan sonra məni təhqir etdiyi üçün “Şaxtyor”un kapitanı Yevgeni Draqunovu meydançadadan qovdum. Təbii ki, son dəqiqələrdə meydan sahiblərinin qapısına penalti təyin edib, kapitanına qırmızı vərəqə göstərdikdə, tribunalarda qalmaqal baş verməlidir. “Şaxtyor”un stadionu parkın içində yerləşir. Mənə elə gəlir ki, azarkeşlərinin də əksəriyyəti spirtli içki qəbul etmişdi. Buna görə də narazılıqların baş verməsi təbii idi”.

Rəhimov qalmaqal üzündən stadionu yanğınsöndürən maşınla tərk etdiyini də təsdiqləyib: “Çaxnaşma baş verdiyi üçün stadiondan bir qədər gec çıxdıq. Azarkeşlərin yolda daşa basmamaları və xəsarət almamağımız üçün bizi yanğınsöndürən maşınla yola saldılar”.

Həmyerlimiz Ukrayna təmsilçisinin qapısına olmayan penaltini təyin etməsi ilə bağlı ittihamları isə təkzib edib. Onun sözlərinə görə, qərarı yanlış və ya qərəzli olsaydı, oyunun komissarı Filippenko idarəçiliyini 8,3 balla qiymətləndirməzdi: “Bundan əlavə, həmin vaxt efirə getmiş “Futbol icmalı” verilişində də penaltini düzgün təyin etdiyim qeyd olundu. Məni qərəzli olmaqda suçlayan isə Ukrayna mətbuatı idi. Necə olurdu ki, 1990-cı ildə həmin stadionda MOİK-in futbolçusunu meydançadan qovanda və “Şaxtyor” 1:0 hesablı qələbə qazananda, mən yaxşı idim. Amma bundan bir il sonra pis oldum?”

Sabiq referi “Şaxtyor” – MOİK oyunundan sonra baş verən çaxnaşmanın bütün Donetsk şəhərinə yayılmasını və azarkeşlərin avtomobillərə ciddi xətər yetirməsini iki komanda arasındakı gərgin rəqabətlə, eləcə də Rusiya ilə Ukraynanın münasibətlərindəki gərginliklə əlaqələndirib: “Hər iki komanda həmin vaxt liderlər qrupunda gedirdi. Sonuncu SSRİ çempionatı 1991-ci ildə oldu və qızıl medalı MOİK qazandı. SSRİ-nin dağılma ərəfəsində olması, o vaxtkı situasiya, Ukrayna ilə Rusiyanın münasibətlərinin korlanması böyük qalmaqala gətirib çıxardı. Açığı, o vaxtlar da Ukraynanın Rusiyadan xoşu gəlmirdi. Yəni baş verənlərdə siyasi amillərin də rolu oldu. Mənim verdiyim qərar isə düzgün idi. Oyunun komissarı da işimi yüksək qiymətləndirmişdi”.

Rəhimovun sözlərinə görə, SSRİ Futbol Federasiyası baş verənlərə normal reaksiya verib. Federasiya rəhbərliyi o vaxtkı siyasi mühiti də nəzərə alıb. Onun adını isə 1991-ci ildə SSRİ-nin 7 ən güclü hakimi siyahısına daxil edərək, FİFA referisi adına namizəd qismində ali futbol qurumuna göndəriblər. Lakin vəziyyət sakitləşənədək həmyerlimiz 1 ay müddətinə oyunları idarə etməkdən azad olunub: “Bu barədə nə rəsmi qərar çıxarıldı, nə də mənə bir söz deyildi. Sadəcə, bir ay müddətində heç bir oyuna təyinat almadım”.

Baş vermiş qalmaqaldan sonra oyunun baş hakimi və komissarın raportuna əsasən, “Şaxtyor” klubu və Donetsk stadionu ciddi cəzalandırılıb.
0