Milli komandamız FİFA-nın reytinq siyahısında irəlilədi
11.03.2009 - 13:05
Milli komandamız FİFA-nın reytinq siyahısında irəlilədi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bir ay əvvəl 136-cı pilləyə enən Azərbaycan yığması irəliləyərək yenidən 134-cü yerdədir. Milli komanda son 5 ayda 4-cü dəfədir ki, bu mövqedə qərarlaşır.

Berti Foqtsun rəhbərlik etdiyi kollektivin hesabında ötən ayla müqayisədə 4 xal artıq - 217 xal var. Milli komandamız FİFA-dan fərqli, UEFA-nın sıralamasında yerini dəyişə bilməyərək, 47-ci sırada qalıb.

Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Rusiya yenə ilk “onluq”da qərarlaşıb və mövqelərini qoruyublar. Almaniyalılar 1366 xalla 2-ci yerdə qalıbsa, rusiyalılar 1128 xalla bir pillə irəli - 8-ci yerə yüksəlib. Mövqeyini 4 pillə yaxşılaşdıran Finlandiya 535 xalla 57-ci, 3 addım geriləyən Uels 481 xalla 68-ci, öz yerində qalan Lixtenşteyn millisi 145 xalla 151-ci pillədədir.

Reytinqə yenə də son Avropa çempionu İspaniya yığması (1666 xal) başçılıq edir. İlk “üçlüy”ü 1317 xalla Hollandiya millisi qapayır. Hesabında 1009 xal olan Türkiyə isə bir pillə geriləyərək ilk “onluğ”u tərk edib. İndi onlar 11-ci sırada yer alıb.

Qeyd edək ki, son reytinq açıqlanan müddətdə milli komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesində Küveyt yığması ilə 1:1 hesablı heç-heçə edib, Almaniyanın “Ayntraxt” klubuna uduzub – 0:1. Bu yoldaşlıq görüşlərindən yalnız ərəblərlə matç reytinqə düşür.

0