“Yığma karyerası mənim üçün bitdi”
11.03.2009 - 13:32
“Yığma karyerası mənim üçün bitdi”
Məşhur futbolçu Xuan Roman Rikelme Argentina milli komandasında oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, buna səbəb 31 yaşlı yarımmüdafiəçi ilə baş məşqçi Dieqo Armando Maradona arasındakı fikir ayrılığıdır.

"Yığma karyerası mənim üçün bitdi. Maradona ilə fikirlərimiz üst-üstə düşmür. O, özünə başqa oyunçu tapsın. Bundan sonra yeganə məqsədim şərəfini qoruduğum “Boka Xuniors”la daha böyük uğurlar qazanmaqdır” - deyə Rikelme vurğulayıb.

Beləliklə, təcrübəli futbolçu ikinci dəfə milli komandadan ayrılıb. O, ilk dəfə 2006-cı ilin yayında, dünya çempionatından sonra haqqında yayılan xəbərlərə görə anasının narahat olduğunu əsas gətirərək, yığma karyerasını başa vurduğunu açıqlamışdı. Lakin 2007-ci ildə Argentina Futbol Federasiyasının prezidenti Xulio Qrandananın xahişi ilə fikrini dəyişmişdi.

Bu dəfə işləri korlayan isə Maradonanın açıqlamaları olub. Əfsanəvi futbolçu ötən həftə qonağı olduğu televiziya proqramında Rikelmeni kəskin tənqid etmişdi: “Rikelme fiziki cəhətdən yaxşı olarsa, işimə yarayar. İndi isə onun oyunu məni qane etmir. Qapıdan 3 kilometr aralıda oynayır və komanda yoldaşlarını anlamır”.
0