Azərbaycan Superkuboku yenidən keçiriləcək
12.03.2009 - 00:07
Azərbaycan Superkuboku yenidən keçiriləcək
Azərbaycan Superkuboku uğrunda oyun yenidən keçiriləcək. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. PFL rəhbərinin sözlərinə görə, uzun müddətdir keçirilməyən Superkubok görüşünü bərpa etmək fikrindədirlər: “Superkubok matçını keçirmək planlarımıza daxildir. AFFA prezidenti Rövnəq Abdullayevin bir sözü var ki, futbolsevərləri necə olursa-olsun sevindirməli, həvəsləndirməliyik. Futbola azarkeşlər arasında nifrət olmamalıdır. Yaxınlarda Türkiyədə bir oyunda oldum. Gördüklərim mənə həqiqətən də pis təsir etdi. Niyə Türkiyədə kiçik bir şəhərdə 7 minlik stadion dolur, amma Bakı kimi şəhərdə yox? Burda klub rəhbərlərinin də günahı var, bizim də. Çalışmalıyıq ki, həmin azarkeşləri stadionlara qaytaraq”.

2005-ci ildə Ramiz Mirzəyev AFFA-nın prezidenti olduğu dövrdə yenidən Superkubok oyununun keçirilməsi gündəmdə idi. Hətta çempion “Neftçi” ilə ölkə kubokunun sahibi “Bakı” arasında həlledici matç təqvimə də daxil edilmişdi. Bu görüşün Naxçıvanda keçiriləcəyi gözlənilsə də, sonradan təxirə salındı.

Xatırladaq ki, Superkubok indiyədək üç dəfə sahibini tapıb. Qalib iki dəfə “Neftçi”, bir dəfə “Qarabağ” olub.
0