Böyükağa Ağayev və Qurban Qurbanov: dəyişək, yarımfinala gedək!
12.03.2009 - 00:46
Böyükağa Ağayev və Qurban Qurbanov: dəyişək, yarımfinala gedək!
Azərbaycan kuboku uğrunda sonuncu yarımfinalçının müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” oyunu maraqlı məqamla tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, komandaların baş məşqçiləri Böyükağa Ağayevlə Qurban Qurbanov bu dəfə kubokda yerlərini dəyişiblər. Məsələ ondadır ki, 2006/07 mövsümündə “Neftçi”nin sükanı arxasında 37 yaşlı Qurbanov, “Qarabağ”da isə 62 yaşlı Ağayev olub.

Həmin vaxt Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsində görüşən komandaların duelində flaqman mərhələ adlayıb. Suraxanıda keçirilən matçda qələbə (2:1) qazanan “Neftçi” evdə keçirdiyi cavab görüşündə uduzub – 0:1. İki oyunun nəticəsinə görə hesab bərabər olsa da, flaqman səfərdə daha çox qol vurduğu üçün növbəti mərhələyə çıxıb.

Maraqlıdır ki, bu dəfə də ilk kubok oyunundan sonra Qurbanovun komandası minimal hesabla irəlidədir. Ancaq fərq ondadır ki, o, indi “Neftçi” yox, “Qarabağ”ı çalışdırır. Həmin vaxt 1/8 final görüşlərində qol vuran futbolçulardan yalnız Zaur Tağızadə bu görüşdə iştirak edəcək. “Neftçi”nin kapitanı həmin vaxt “Qarabağ”la görüşdə qələbə topunun müəllifi olub.

Xatırladaq ki, “Qarabağ” tarixində sonuncu kuboku 2006-cı ildə məhz Ağayevin rəhbərliyi altında qazanıb. Kubokda rəqib olduqları həmin mövsümdə çempionatda da görüşən məşqçilərin qarşılaşması qolsuz heç-heçə ilə nəticələnib. Ağayev qış fasiləsində “Qarabağ”ın sükanı arxasında türkiyəli həmkarı Rasim Kara ilə əvəzləndiyi üçün ikinci dövrədə Qurbanovla görüşməyib. Onların görüşünü müəllim-tələbə qarşıdurması prizmasından da baxmaq olar. Belə ki, Ağayev 1995-ci ildə “Neftçi”nin baş məşqçisi Kazbek Tuayevin köməkçisi işlədiyi zaman Qurbanov rəhbərliyi altında oynayıb. Həmin mövsüm flaqman “qızıl dubl” edib.
0