Həmkarlar İttifaqı futbolçumuzun müdafiəsinə qalxdı
12.03.2009 - 10:54
Həmkarlar İttifaqı futbolçumuzun müdafiəsinə qalxdı
Serbiyada futbolçuların hüquqlarını müdafiə etmək məqsədi ilə “Nezavisnost” Həmkarlar İttifaqının təsis konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, yüzlərlə futbolçunun qatıldığı tədbirdə Mirko Polediç qurumun rəhbəri seçilib. Oyunçuların hüquqlarını müdafiə edəcək şəxs qarşıdakı planlarını da açıqlayıb.

O, “Srvena Zvezda” rəsmilərini sərt tənqid edərək, Azərbaycan yığmasının şərəfini qoruyan Branimir Subaşiçin də müdafiəsinə qalxıb: “Srvena Zvezda”nın baş məşqçisi Çedomir Yanevski oyunçularının bura gəlməsinə qadağa qoyub. Bunun nəticəsidir ki, Serbiyanın bəzi tanınmış futbolçuları aramızda yoxdur. Makedoniyalı başqalarının öz hüquqlarını müdafiə etməsinə niyə qadağa qoymalıdır? “Srvena Zvezda” rəsmən bizim konfransda təmsil olunmasa da, komandanın iki üzvü – Branimir Subaşiç və Nikola Mixayloviç bizim sıralarımızdadır. Klub onların istəyinin əksinə olaraq, müqaviləni qarşılıqlı razılıqla ləğv etmək istəyir”.

Polediç Subaşiç üçün əlindən gələni edəcəyini də gizlətməyib: “Çox sevinirəm ki, Subaşiçlə Mixayloviç bura gəlməklə, bizimlə həmrəyliyini nümayiş etdirdi. Sənədləşmə işlərini yekunlaşdırıb statusumuzu dəqiqləşdirən kimi onlara kömək etmək üçün hər şey edəcəyik. Bununla da, ittifaqımızın gücünü göstərəcəyik. Subaşiçlə Mixayloviç atdıqları bu addımla nə qədər cəsarətli və ürəkli olduqlarını göstərdi. Yoxsa ki, Yanevski kimilər oyunçularını güclə təsis konfransına buraxmır”.

Qeyd edək ki, müqavilə ilə hələ iki il yarım Belqrad təmsilçisinə məxsus olan Branimir yanvarın sonunda transferə çıxarılsa da, özünə yeni klub tapa bilməyib.
0